Yevlaxda törədilən qətllə bağlı 3 nəfər saxlanılıb - YENİLƏNİB

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub.
TNS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
13 mart
19:40
Yevlaxda qətl törətməkdə şüphəli bilinən şəxslər saxlanılıb.
TNS-in yerli müxbirinin məlumatına görə, hadisəni törədən şəxslərin 2009-cü il təvəllüdlü H.M, 2005-ci il təvəllüdlü Mustafazadə Məhəmməd və 2007-ci il təvəllüdlü Q.R olduğu bildirilir.
18:53
Yevlaxda qətl hadisəsi baş verib.
TNS-in yerli müxbirinin məlumatına görə, 2008-ci il təvəllüdlü Quliyev Ayxan bıçaqlanaraq qətlə yetirilib, 2007-ci il təvəllüdlü Zülfüqarlı Əli isə bıçaq xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər davam etdirilir.
Ziya Əmirxanlı