Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Taxıl apardığı İrandan qayıdanda... - TIR sürücüsü belə ifşa olundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ölkəyə qaçaqmalçılıq yolu ilə psixotrop maddə keçirməyə cəhddə təqsirləndirilən Rusiya vətəndaşı Ş. Ahayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir.

Taxılla getdi, narkotiklə qayıtdı

İttihama görə, təqsirləndirilən şəxs İran İslam Respublikasından istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində preqabalin güclü təsir edən maddəsinin olduğu, miqdarı 1,575 qram təşkil edən 21 ədəd dərman kapsulunu özünə məxsus qara rəngli əl çantasına yerləşdirməklə 26 iyul 2023-cü il tarixdə idarə etdiyi 'Volvo FH 12” markalı, P445AE05/BA002906 qeydiyyat nişanlı yük maşını ilə Azərbaycan ərazisindən tranzit istifadə etməklə Rusiyaya aparmağa  cəhd edib.

O, bu məqsədlə həmin dərmanları Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində bəyan etməməklə Azərbaycan gömrük sərhədindən keçirib. Azərbaycana gələn Ahayev həmin maddəni Rusiya Federasiyasına kələmlə birlikdə  keçirməyə çalışıb. Həmin gün saat 20 radələrində Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən "Xanoba” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı sözügedən maddə saxlanıldığı yerdən aşkar edilərək götürülüb.

"İstifadə edirdim ki, yuxum gəlməsin"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Ş. Ahayev cinayəti etiraf edib: “TIR sürücüsü kimi xarici ölkələrə yük daşıma ilə məşğulam. 18 iyul 2023-cü il tarixdə idarə etdiyim "Volvo FH 12" markalı nəqliyyat vasitəsi ilə Dağıstandan İrana taxıl aparmışam. İrandan Rusiyaya aparmaq üçün maşına kələm yükləmişdim. İranın Astara şəhərində olarkən, yuxum gəlməsin deyə bir qədər "Lirika” adlı dərman vasitəsi aldım. Bu dərmandan baş ağrısının qarşısını almaq üçün də istifadə olunur. Dərmanı alıb sənədlərim olan çantama qoydum, “Astara" postundan rahat keçdim. Yolda dərmanların bir neçəsini qəbul elədim ki, yuxum gəlməsin. Həmin gün saat 20:00 radələrində “Xanoba” gömrük postuna daxil oldum. Gömrük əməkdaşları maşına baxış keçirəndə üstümdəki çantanı da yoxladı və dərmanları aşkarladı. Bu dərmanların qanunsuz olmasını bilməmişəm. Çünki bu dərmanlar İranda açıq vəziyyətdə satılır. Uzun yolda yuxumun gəlməməsi və başımın ağrımaması üçün almışam. Əməlimdən peşimanam”.

Məhkəmə istintaqı yekunlaşandan sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Ahayev 1 il 4 ay azadlıqdan məhrum edilib.