Close

200 kiloqramdan çox narkotik aşkarlandı, üç nəfər saxlanıldı

Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb.

Bu barədə TNS-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alıb.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən üç nəfər Azərbaycan vətəndaşı sahilboyu ərazidə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.