Close

Sel suları Astara ərazisində 2 avtomobil körpüsünə ziyan vurub

Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən TNS-ə bildirilib ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində, Pensər çayı üzərində, digər 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci kilometrində, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.