Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Xalq düzgün seçim etdi, onu parlamentə buraxmadı - İnsanın pula satılmayan heç bir dəyəri olmazmı?

Paytaxt Bakı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Azərbaycanın uğurlarına sevinməyən dövlətlər, beynəlxalq və yerli təşkilatlar, media orqanları, adını “aktivist” qoyan ayrı-ayrı şəxslər var gücü ilə çalışıb, boykota nail olmaq istəsə də, bu, reallaşmadı.

COP29-a qatılanların kimliyi, sayı məlumdur. Burada həmin rəqəmləri təkrar sadalamağa ehtiyac yoxdur. Ümumi mənzərəyə baxsaq, bu mötəbər tədbir çox yüksək səviyyədə baş tutub. Hətta deyərdim ki, indiyədək keçirilən COP tədbirlərinin ən yaxşısıdır.

Tədbirin yüksək səviyyədə təşkil olunması ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara ən gözəl cavab verildi.

Amma onlar bundan dərs çıxarmırlar, əksinə, hələ də iyrənc əməllərinə davam edirlər.

Məni heyrətə gətirən isə yerli “azadlıq aşiqləri”, “demokratiya fədailəri”nin hansısa maraqlar üçün ən iyrənc davranışlar sərgiləməsidir.

Ötən gün Azərbaycan, Ermənistan və Gürcüstandan olan bir qrup “insan hüquqları müdafiəçisi” sahibləri olan Avropa ölkələrinin bəzi təşkilatlarının nümayəndələri ilə birlikdə Tbilisidə COP29-la bağlı etiraz aksiyası keçirib. Ölkəmizin əleyhinə fikirlər səsləndirən aksiyaçılar Azərbaycanda insan hüquqlarının pozulduğunu, demokratiyanın olmadığını iddia ediblər. Ən dəhşətlisi isə onların Azərbaycanın öz ərazisi olan Qarabağda ermənilərə qarşı soyqırımı, diskriminasiya siyasət yürütməsi kimi sərsəm iddialardır.

Azərbaycandan olan dəstənin başında sonuncu seçkilərdə Neftçaladan deputatlığa namizəd olmuş Vəfa Nağıdır. Parlamentdə təmsil olunmağa iddialı olan bir şəxsin xarici ölkədə ölkəmizə qarşı keçirilən aksiyadakı canfəşanlığı düşündürücüdür.

Sən necə hüquq müdafiəçisisən ki, heç bir hüququ pozulmayan, ölkəmizdə yaşaması üçün hər şərait yaradılan, amma buna baxmayaraq, Ermənistana köçən ermənini müdafiə edirsən, amma qarşı tərəfin 100 illərdir, xalqımıza qarşı törətdiyi cinayətləri görməzdən gəlirsən?

Niyə bir dəfə olsun, Xocalıda anasının bətnindən çıxarılıb, süngüyə taxılan körpələrimizin hüquqlarını müdafiə etməmisən?

Niyə yüzlərlə qadınımızın təcavüz edilib, amansızlıqla öldürülməsinə, ən ağır işgəncələrə məruz qalmasına səsini çıxarmamısan?

Niyə hələ 44 günlük müharibədən xeyli əvvəl erməni terrorunun qurbanı olan körpə Zəhra ilə yaşlı nənəsinin adını çəkmirsən?

Niyə Gəncəyə, Bərdəyə qadağan edilmiş raketlərin atılmasına, onlarla mülki insanımızın öldürülməsinə etiraz etmirsən?

Niyə ermənilərin hələ də davam edən mina terrorunu görmürsən?

Sən insanlığa qarşı törədilmiş cinayətə səsini çıxarmayıb, heç bir təqibə məruz qalmayan erməninin “hüquqlarını” müdafiə edirsənsə, deməli, sən bizdən deyilsən. Çünki “yalını” verənlər səndən belə olmağı tələb edir. Sən də “yalın” kəsilməsin deyə, Vətənini, dövlətini, öz insanını satırsan. Ermənidən çox ermənilk edirsən, əli minlərlə soydaşımızın – yəni günahsız insanın qanına bulaşmış cinayətkarlara haqq qazandırırsan.

Yəni, insanın pula satılmayan heç bir dəyəri olmazmı???

Ölkədə kiminsə həbs olunmasına, barəsində cinayət işinin başlanmasına etiraz edə bilərsən. Hətta hakimiyyətdən narazı da ola bilərsən. Bunlar normaldır. Amma insanlığa qarşı cinayəti görməzdən gələ bilməzsən. İnsanlığa qarşı cinayətə səs çıxarmamaq elə o əmələ ortaq olmaqdır.

Gülşən Hacıyeva