Nazirlik: Azərbaycanda koronavirusa yeni yoluxma halları minimaldır
“COVID-19”un daim inkişaf edən variantları yeni təhlükələr yaradır. Virusun hazırda dünyada narahatlıq yaradan variantlarından biri də “COVID XEC” variantıdır.
Virus yüksək ötürücülük potensialı və mövcud peyvəndlərin effektivliyinə təsiri ilə ciddi narahatlıq yaradır.
Mütəxəssislər açıqlayıb ki, “COVID XEC” variantının spayk (spike protein) zülalındakı mutasiyalar səbəbindən insan hüceyrələrinə bağlanma qabiliyyəti artır. Spike protein virusun hüceyrələrə daxil olmasında mühüm rol oynayır. Buna görə də, bu proteində dəyişikliklər virusun infeksiya potensialına təsir göstərir. “COVID XEC”, xüsusilə bu mutasiyalar sayəsində sürətlə yayılan bir variant olaraq təyin olunur.
Yoluxuculuğunun digər SARS-CoV-2 variantlarından daha yüksək olduğu aşkar edilib. Bu vəziyyət izdihamlı və qapalı yerlərdə özünü daha qabarıq göstərir.
Bildirilir ki, peyvənd nisbətlərinin aşağı olduğu bölgələrdə yeni variantın təsiri daha çox hiss oluna bilər. Virusun mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib. Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar.
Məlumata görə, koronavirusa yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir. Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda yeni mutasiya sürətlə yayılır.
Yeni mutasiya Azərbaycanda aşkarlanıbmı? Ümumiyyətlə koronovirusla bağlı ölkədə vəziyyət necədir?
TNS-in bununla bağlı sualı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov tərəfindən cavablandırıb.
Bildirilib ki, adı keçən mutasiya ölkədə aşkarlanmayıb. Mütəxəssis koronavirusla bağlı ölkədəki vəziyyətlə bağlı danışıb: “Hazırda havaların bir qədər soyumasına baxmayaraq ölkəmizdə koronavirusla bağlı epidemioloji durum sabitdir. Ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır. Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallara, əsasən risk qrupları arasında təsadüf olunur”.
Aygün