Close

16:10
12 Oktyabr 2024

Pezeşkian etiraf etdi – İran parçalanır?

İran Prezidenti Məsud Pezeşkian ABŞ-də iranlılarla görüşündə deyib ki, ölkədə hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan, Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaq.

O, ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkənin mövcud olmayacağını bildirib.

İranın parçalanması mümkündür?

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa TNS-ə bildirib ki, İran üçün bu riski hər zaman mövcuddur: "İran bir ideoloji dövlətdir, indi də qədim dövlət modelinə uyğun olaraq, bütünlüyünü qoruyub saxlamaq istəyir. Amma İslam adı ilə format icad edərək, bir müddət bunu saxlaya bildi. İndi onlar irançılıq düşüncəsini daha geniş yaymağa, insanları irançılıq ətrafında birləşdirməyə çalışırlar.

İran dövləti anlayır ki, uzun müddət belə davam etmək mümkün deyil. Ona görə də islahatlar aparılmalıdır. Xalqlara müəyyən hüquqlar verilməli, onların dillərində məktəblər açılmalı, digər məsələlər həll olunmalıdır. Görünür, bu zərurəti indiki Prezident duymaqdadır. O, açıq çıxış edirsə, bu, əslində İran rəhbərliyinin də baxış bucağı ola bilər. Çünki İranın əsas idarə edicisi Ali Rəhbərdir. Böyük ehtimalla bu, İran cəmiyyətində, elitasında müzakirə olunan məsələdir. Bunun da yeganə yolu islahat, demokratikləşmə, İranın mədəni bir ölkəyə çevrilməsidir. Dini ideologiyanın insanları təmamilə əzdiyi mühitdə böyük problemlər yaşanacaq”.

fq

Deputatın fikrincə, İranın hər bir halda teokratik dövlətdən normal dövlətə dönüşü gözlənilən deyil: “Amma bütün hallarda dünyəvi dəyərlərin İranda müəyyən qədər bərqərar olması əhalidə əhval-ruhiyyəni də, yanaşmanı da dəyişə bilər. Nəticəsindən asılı olmayaraq, İranın inqlablar yolu ilə dəyişməsi bizim üçün zərərlidir. Biz də çalışmalıyıq ki, bu ölkədə dəyişikliklər daha çox islahatlar yolu ilə və tədricən olsun".