Sülh sazişinin yeganə əngəli – Son qərar Paşinyanındır
Xəbər verildiyi kimi, rəsmi İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Mövzunu TNS-ə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu qərarın doğru olduğunu vurğulayıb.
Politoloq bildirib ki, bütün məsələləri sülh sazişinə salmaq mümkün deyil: “Məsələn, sərhəd məsələsini sazişə salmaq mümkünsüzdür. Çünki bu mövzu illərlə müzakirə predmeti olacaq. Əlbəttə, biz Zəngəzur dəhlizinin daha qısa müddətdə açılmasını arzulayırıq. Regional layihələrin həyata keçirilməsi bundan asılıdır. Amma bu da vaxt tələb edən məsələdir. Sülh sazişinin isə daha qısa müddətdə imzalanmasına ehtiyac var. İndi yeganə əngəl qaldı. Yenə də top Ermənistanın meydanındadır. Bu əngəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən bəndlə bağlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin bəndlə bağlı da qərarını versə, artıq sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq”.
Politoloq Zaur Məmmədov isə TNS-ə bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xətləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıb: “Xatırladım ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-də keçirilən XİN rəhbərləri arasında görüşdə də məsələ müzakirə olunub. Rusiya Üçtərəfli Bəyanatda göstərildiyi kimi, özü tərəfindən yola nəzarət edilməsini istəyir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıda “kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz”, - kimi ismarışları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil.
Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzulardan nəqliyyat məsələsinin çıxarılması tam başadüşüləndir. Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya - nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır.
Hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır. Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir”.