Üçüncü Dünya Müharibəsi başlayıb – İran necə “intiqam” alacaq?
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Müxtəlif ölkələr, o cümlədən Azərbaycan vətəndaşlarını Livana getməməyə və ya Livanı ən qısa müddətdə tərk etməyə çağırır. Baş verənlər 2022-ci fevralında Rusiya-Ukrayna savaşının ərəfəsini xatırladır.
Üçüncü Dünya Müharibəsi ehtimal varmı? Bu gərginliyin Azərbaycana təsiri necə olacaq?
Mövzu ilə bağlı TNS-ə danışan VI çağırış Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, Yaxın Şərqdə hadisələr gündən günə daha da dramatik hal alır: “Bu da bütövlükdə regional təhlükəsizliyi təhdid edən edən böyük risklər yaradır. Ona görə də hazırkı vəziyyətdə şübhəsiz ki, təhdidlərdən xilas olmağın yollarını axtarmaq lazımdır”.
Deputatın fikrincə, qlobal media Yaxın Şərqlə bağlı ritorikasını dəyişdirməli, bu mövzularda daha çox diplomatik ifadələrdən istifadə etməlidir: “Əks təqdirdə, regionda gərgin olan vəziyyət daha da ağırlaşar. “Qisas” çağırışları həqiqətən də müharibələrə gətirib çıxara bilər. Azərbaycan da təbii ki, Yaxın Şərqin bir hissəsidir. Baxmayaraq ki, Cənubi Qafqazda yerləşir. Yaxın Şərq həm mənəvi, həm mədəni baxımdan aid olduğumuz bir coğrafiyadır. Bölgədəki aktorlardan İsrail və Türkiyə Azərbaycan üçün olduqca əhəmiyyətli ölkədir, o cümlədən İran. Birbaşa görünməsə də, baş verənlər Azərbaycanı narahat edir”.
Üçüncü Dünya Müharibəsi polemikalarına gəldikdə, Hikmət Məmmədov deyib ki, savaş deyəndə həm insanlar, həm qlobal media klassik I və II Dünya müharibələrini xatırlayır: “Düşünürlər ki, yenə elə olacaq. Amma texnologiyaların inkişafı, müasir döyüş vasitələrinin mövcudluğu klassik müharibə modelini inkar edir.
Faktiki olaraq, bəlkə Üçüncü Dünya Müharibəsi gedir. Gözləməməliyik ki, əvvəlki Dünya müraibələrində olduğu kimi, ölkələr bloklaşacaq, üz-üzə dayanacaq, savaşacaq, 3-5 il sonra kimsə qalib olacaq.
Müasir dünyada hərbi sənayenin bu qədər inkişaf etdiyi vaxtda müharibələr belə olur. Qalib və məğlub isə illər sonra ortaya çıxır. Tammiqyaslı olmasa da, biz faktiki olaraq müharibənin içərisindəyik. Avropada, Yaxın Şərqdə müharibə gedir. Türkiyə 80-ci ildən faktiki müharibə aparır. Biz müharibədən yeni qurtarmışıq, erməni işğalı başa çatıb. Müasir müharibələrin xarakteristikası belədir”.
Deputatın fikrincə, Ermənistan-Azərbaycan müharibəsinin qalibi 30 il sonra bəlli olub: “Yəni dərhal nəticəni bilmək olmur.
Klassik müharibə formalarından biri Rusiya-Ukrayna müharibəsidir. Dünyanın ən böyük ərazisinə, hərbi baxımdan cəbbəxanasına, potensialına malik ölkəsi başqa bir ölkə üzərində 2 il yarımdır, qələbə əldə edə bilmir. Yəni burada qalibi və ya məğlubu müəyyənləşdirmək çətindir.
Vəziyyət mürəkkəbdir. Bizi məmnun edən yeganə şey odur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, güclüdür, dünyada söz sahibidir. Dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunun davamlı olması üçün də Azərbaycan əlindən gələn hər şeyi edəcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə TNS-ə deyib ki, hazırkı gərginliyin genişlənmək ehtimalı çox yüksəkdir: “Çünki toqquşmaya qatılan oyunçu dövlətlərin sayı artıb. Əvvəl İsrail yalnız Qəzzaya hücum etmişdisə, indi İsrail-Livan qarşıdırması, “Hizbullah”la toqquşma, HƏMAS liderinin öldürülməsi İranı da artıq oyuna qata bilər.
Bu, bir növ Rusiya-Ukrayna müharibəsini xatırladır. Orda da oyunçu dövlətlərin sayı çoxdur.
Amma mən hesab etmirəm ki, hadisələr Üçüncü Dünya Müharibəsinə gətirib çıxarsın. Rusiya-Ukrayna, Suriya savaşı haqqında da əvvəllər belə deyirdilər. Hələ bilmək olmaz, İranın “intiqam” dediyi hərbi aksiya nədən ibarətdir. Çünki keçmişdə də “intiqam” deyirdi, amma nə ABŞ-yə, nə də İsrailə əli çatdı”.