Close

Sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatdı - Hansı partiyaların namizədləri qeydə alınıb?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

Bu müddət iyulun 13-dən avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.

Məlumdur ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak edir. Odur ki, DSK-lara sənəd təqdim etmiş, namizədliyi qeydə alınmış şəxslər arasından müxtəlif partiyaların üzvlərinin sayı kifayət qədərdir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı TNS-ə deyib ki, partiyadan namizədliyi irəli sürülmüş 20 nəfərin müvafiq sənədləri DSK-lara təqdim olunub. İndiyədək onlardan 6 nəfərin namizədliyi qeydə alınıb. Digərləri ilə bağlı qərar növbəti günlərdə veriləcək.

Ədalət Partiyasından isə 7 nəfəri sənədləri DSK-lara təqdim olunub. Partiyanın sədr müavini Mütəllim Rəhimli TNS-ə deyib ki, onlardan indiyədək 1 nəfərin namizədliyi qeydə alınıb.

Respublikaçı Alternativ Partiyası (REAL) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 13 namizəd irəli sürüb. Bu barədə TNS-ə partiyanın icra katibi Natiq Cəfərli məlumat verib.

O bildirib ki, namizədlərdən 8 nəfəri artıq qeydiyyata alınıb: “Bununla bağlı heç bir problem yaşamamışıq. Bir nəfərin qeydiyyatı ilə bağlı problem yaranıb, imtina gəlib. Amma məsələni mübahisələndirimişik, bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət göndərmişik və qurumun cavabını gözləyirik. Digər namizədlərin qeydiyyatı ilə bağlı isə qanunvericiliyə görə, avqustun 5-də cavab almalıyıq”.

Xatırladaq ki, seçkidə iştirak edən 25 partiyanın bəzilərinin sədrləri namizədliyini irəli sürməyib. Bunlar Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu (namizədliyini geri götürüb), Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və digərləridir.