Close

Putin və Zelenski Bakıda görüşəcək? - İlham Əliyev dialoq üçün ən yaxşı vasitəçi ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Rusiya Prezidentii Vladimir Putinin də bu tədbirə dəvət ediləcəyi barədə məlumatlar yayılıb. Hər iki dövlət başçısı noyabr ayında Bakıya gələrsə, COP29 tədbiri çərçivəsində aralarında sülh danışıqlarının ilkin mərhələsi başlaya bilərmi?

Milli Məclisin deputatı Hikmət Məmmədov TNS-in bu barədə sualına cavabında bildirib ki, Rusiya Prezidentinin bu tədbirdə iştirak etmək üçün Bakıya gəlməsi iki ölkə münasibətlərinin daha da inkişafına təkan verəcək: "Eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artması üçün nümunəvi göstəricilərdən biri olacaq. Çünki dövlətimizin bölgədə sülhün bərqərar olması istiqamətindəki mövqeyi hər kəsə məlumdur. Bu baxımdan da çox yaxşı olardi ki, Vladimir Putin bu tədbirdə iştirak etsin".

t3

Prezident İlham Əliyev dialoq üçün ən yaxşı vasitəçidir

Zelenski - Putin görüşünün baş tutub-tutmayacığına gəlincə, müsahibimiz düşünür ki, bununla bağlı fikir bildirmək hələlik tezdir: "Rusiya Prezidentinə dəvət göndərilər və Putin qəbul edərsə, o zaman belə bir ehtimal üzərində dayanmaq, hansısa bir fikir söyləmək olar. Bununla belə, Bakıda belə bir görüşün baş tutması mümkündür. Əgər görüş olarsa, Prezident İlham Əliyev dialoq üçün ən yaxşı vasitəçi ola bilər. Nəticə etibarilə, bütün münaqişələr sonda danışıqlar yolu ilə həll olunur. Azərbaycan bu sahədə 30 illik təcrübəyə malikdir. Yəni, Ermənistanla bu illər ərzində müharibə şəraitində yaşadıq və hər iki ölkənin liderləri dəfələrlə görüşmək barədə qərarlar qəbul etdilər. Bu baxımdan da prosesin nə qədər çətin və ağrılı olduğunu dövlətimizin başçısından yaxşı bilən yoxdur".

Rəsmi Bakının hər iki ölkə ilə yaxşı münasibətlərə malik olduğunu xatırladan deputat vurğulayıb ki, bu da dövlətimizin ədalətli mövqeyi ilə bağlıdır: “Putin də, Zelenski də ölkəmizlə münasibətlərə böyük önəm verirlər. Bu da Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri ilə əlaqədardır. Çünki dövlətimizin başçısı heç bir halda bir ölkənin lehinə, digərinin isə əleyhinə olan addımlar atmır. Bu amillər də Putin-Zelenski görüşünün baş tutması üçün mühüm zəmin yaradır".

Bakıda sülh danışıqlarının başlayacağı ilə bağlı proqnoz vermək çətindir

Millət vəkili Arzu Nağı isə TNS-ə bu barədə hansısa fikir söyləməyin tez olduğunu bildirib: “Bu gün dünyada siyasi, hərbi müstəvidə çox sürətli hadisələr baş verir. Hələ noyabra 7 ay var. Bu aylar ərzində çox hadisə baş verə bilər. Buna görə də COP29 çərçivəsində Bakıda iki dövlət arasında sülh danışıqlarının başlayacağı ilə bağlı indidən proqnoz vermək çətindir. Dövlətimiz həmişə dünyada sülhün bərqərar olması istiqamətində vasitəçi kimi çıxış etməyə qadir olduğunu göstərib. Bu istiqamətdə də istənilən addımı atmaq üçün böyük imkanlara malikdir. Dəfələrlə Bakıda istər NATO-Rusiya, istərsə də digər birgə görüşlərin keçirilməsi üçün ev sahibliyi edib və bu sahədə müsbət nəticələr əldə olunub".

an

Deputat qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması məsələsi müxtəlif super güclər tərəfindən də daim müzakirə olunur: "ABŞ, Çin və digər böyük dövlətlər bu istiqamətdə müvafiq addımlar atır, öz vasitəçilik missiyalarını təklif edirlər. Hazırda da böyük güclər bu sahədə müəyyən addımlar atmağa və hər iki lideri bir masa arxasında oturtmağa çalışır. Ancaq həm Putin, həm də Zelenski bu çağırışlara diqqət göstərmək istəmir".

Rövşən Ziya