Close

"Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlar intensivləşəcək"

"4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək".

TNS xəbər verir ki, bunu politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, rəsmi Bakı və İrəvan arasında razılaşma əldə edildiyini xatırladıb: "Bu, Rusiya hərbi kontigentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistanın Baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu, belə də olacaq".