Close

Ruslar gedir, boşboğzalar yenə də susmur...

Rus hərbçiləri Qarabağı nəzərdə tutulduğu vaxtdan il yarım əvvəl tərk etməyə başlayıblar. Nə baş verir? Kim inanardı ki, ruslar Qarabağı öz xoşları ilə, özü də vaxtından bu qədər əvvəl tərk edəcəklər? Əslində Azərbaycanda bunu bir adam - Prezident İlham Əliyev bilirdi. Lakin O, bunu vaxtından əvvəl dilinə gətirmirdi. İlham Əliyev deyəndə ki, “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”, boşboğaz dil pəhləvanları Onun bu sözlərini həzm edə bilmirdilər. Prezident isə bu yüngül ağıl sahiblərinə sübut etdi ki, O, elə-belə söz demir, gerçəkdən nəyin, necə və nə vaxt həll edilməsini özü hamıdan yaxşı bilir. O heç vaxt əsassız heç nə demir, gördüyü işlər isə konkret nəticələrlə ortadadır.

Baxın, 44 günlük savaş bitdikdən sonra bu qələbəni natamam qələbə adlandıran siyası piyadalara o zaman necə cavab verdi? Öncə ağılla Laçın-Xankəndi yolu ekoaktivistlərin vasitəsilə nəzarətə götürüldü, sonra bu yolda sərhəd-keçid məntəqəsi qoyuldu və daha sonra bir günlük anti-terror əməliyyatı ilə Qarabağ problemi birdəfəlik yekunlaşdı. Bütün bu uğurların kulminasiya nöqtəsinə isə rus sülhməramlılarının Qarabağı tərk etməsi ilə çatıldı! Möhtəşəmdi! Kimin nə sözü ola bilər bu qədər böyük hərbi və siyasi səriştə qarşısında?

Ancaq siyasət meydanında səriştəsi şahmat taxtası üzərindəki  piyadadan da aşağı səviyyədə olan “siyasətçilər” bu qədər uğurun  qarşısında da boşboğazlıq etməkdən çəkinmirlər. Çünkü nəyin necə baş verməsindən, hansı nəticənin hasil edilməsindən asılı olmayaraq, boşboğazlıq bu yazıq zümrənin peşəsidir. Peşə vərdişindən isə əl çəkmək çətindir.

Ruslar Qarabağdan getmək istəmirdilər. Bunu hər kəs bilirdi. Əslində bu bölgədə strateji maraqları olan istənilən bir başqa ölkə də Rusiyanın yerində olsaydı, buradan getmək istəməzdi. Ancaq indi ruslar bunu istədilər, daha doğrusu onlara bunu istətdilər. Bunu İlham Əliyev etdi.

“İlham Əliyev Qarabağı qaytarsın, ömürlük prezident seçilsin”, “rusları torpaqlarımızdan çıxartsın ona BRAVO deyək”. Daha nələr, nələr deyən şüvənlərin dedikləri ilə etdiklərinin uyğun gəlməsi mümkün deyil. Onlar Qərbin bir parça yalının qullarıdır.

Bu dil pəhləvanları utanmaq, xəcalət çəkmək hissini də çoxdan itiriblər.

Fikrət Yusifov,

professor