Close

İrəvan təxribata hazırlaşır - Azərbaycan adekvat və sərt cavab tədbirləri görəcək

“Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığması qarşı tərəfin sülh istəməməsinin göstəricisi, yeni avantüra və təxribatlara hazırlığı kimi qiyətləndirilməlidir”.

Bunu TNS-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov deyib.

Onun fikrincə, bu gün bəlli olur ki, 2020-ci ildən indiyədək sülhün əldə olunmamasının baiskarı Ermənistandır: “Ermənistanda revanşistlər, radikallar mövcud reallığı və beynəlxalq hüququ qəbul etmək istəmirlər. Vaxt uzadaraq güclənmək, bir şəkildə Azərbaycana qarşı yeni müharibəni alovlandırmaq məqsədilə hərəkət edirlər”.

Deputat məsələnin digər bir tərəfinin olduğunu bildirib: “Bu hərəkətlilik - hərbi eskalasiya həm də aprelin 5-də Brüsseldə baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı ərəfəsində baş verir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı, ABŞ və Ermənistan arasında regionda sülhün əldə olunmasını daha da çətinləşdirəcək məsələlər müzakirə oluna bilər. Ehtimal olunur ki, Brüssel görüşündə Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinə rəsmi, ya da yarı-rəsmi status verilsin, bu struktur əsasında hərbi birlik yaratmaqla bağlı qərar qəbul edilsin. Əlbəttə ki, bu addım sülhün əldə olunmasını daha da çətinləşdirəcək. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan qoşunlarının eskalasiyası ilə bağlı məlumat yayar-yaymaz dərhal Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası belə bir şeyin olmadığını iddia etdi. Yəni, Ermənistanın dövlət strukturları bir kənarda qaldı, Aİ missiyası bir növ Azərbaycanın açıqlamalarını təkzib etdi. Bu, qətiyyən yolverilməz bir haldır. Bundan dərhal sonra nə baş verdi? Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar belə bir şeyin olmadığını dilə gətirdi. Ən nəhayət, Roma Papası Pasxa ritualında Azərbaycan və Ermənistan arasında olan məsələlərin sülh yolu ilə həll olunması ilə bağlı çağırış etdi. Yəni, önümüzdə fəaliyyəti koordinasiya olunmuş bir üçlük var. Belə olan halda əlbəttə ki, Azərbaycan həyəcan təbili çalmalıdır”.

t3

H. Məmmədov bildirib ki, Müdafiə Nazirliyinin son hadisələrlə bağlı bəyanatı çox yerindədir: “Ermənistan blməlidir ki, əgər bu təxribatlar davam edəcəksə, şərti sərhədə yaxınlaşmadan Azərbaycan özünümüdafiə tədbirləri həyata keçirə bilər. Bu da beynəlxalq hüquqla Azərbaycanın tanınmış haqqıdır”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli isə TNS-ə bildirib ki, Ermənistan Azərbaycanla sərhəddə hərbi texnikanın və şəxsi heyətin cəmləşməsini “orduya yeni cəlb olunmuş sürücülərin təlim yürüşü” kimi təqdim etməyə çalışsa da, bu, rəsmi İrəvanın növbəti yalanından başqa bir şey deyil: “Əgər söhbət həqiqətən də “təlim yürüşü”ndən gedirsə, o zaman bunun üçün Ermənistanın digər ərazilərində də yer tapmaq olardı. Maraqlıdır, nədən Ermənistan, məsələn, İranla sərhəddə “təlim yürüşü” keçirmir? “Təlim yürüşü” üçün Azərbaycanla həmsərhəd bölgə xüsusi olaraq müəyyənləşdirilib? Görünüdüyü kimi, İrəvanın iddialarının hər zaman olduğu kimi məntiqi izahı yoxdur”.

sulh2

Siyasi ekspert vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı artıq hərbiləşdirilmiş missiyasının müşahidəçilərinin, hətta Ermənistanın təqdimatında yer alan “təlim yürüşü” iddiasını da təkzib etmələri maraq doğurur: “Missiyanın müşahidəçilərinin açıqlamasında qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədində hər hansı bir hərəkətlilik baş verməyib. Ermənistanın “təlim yürüşü” kimi təqdim etdiyi faktı isə rəsmi İrəvanın növbəti təxribatı kimi də qiymətləndirmək olar. İrəvan Qərbin ötürdüyü iki əsas tezisi – “Azərbaycanın müharibəyə hazırlaşdığı”nı, “Ermənsitanın isə müdafiəyə ehtiyacı olduğu”nu bu qəbildən olan təxribat xarakterli addımlarla təsdiqləməyə, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə ABŞ və Avropa İttifaqı ilə imzalamağı hədəflədiyi “hərbi pakt”ın zəruriliyini sübuta yetirməyə, bunun üçün süni bəhanələr yaratmağa çalışır”.

Aygün İbrahimli