Close

Ermənistan təxribata çəkilir - Azərbaycana hücum gözlənilirmi?

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları,habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə edilir. Xüsusilə sosial şəbəkələr vasitəsilə yayılan görüntülər əhali arasında narahatlığa, müxtəlif dezinformasiyaların yayılmasına səbəb olur.

Qeyd edək ki, Ermənistanın sərhədə qoşun və döyüş texnikası yığması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb və qarşı tərəfə xəbərdarlıq olunub.

Ermənistanın bu addımı nəyə hesablanıb?

Mövzu ilə bağlı TNS-ə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin şərti sərhədə qoşun yığması ilə bağlı ötən günlərdə yaşanan həyəcan Azərbaycan üçün elə də böyük narahatlıq kəsb etməməlidir: “Ermənistan bu gün hansı vəziyyətdə olduğunu və Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini gözəl anlayır. Ermənistan ordusu son bir neçə ildə Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alıb və yaxın illərdə Azərbaycana qarşı müharibə aparmaq gücündə deyil. Qarşı tərəf bunu yaxşı başa düşür. Ona görə də hər hansı bir ağılsızlıq edəcəyini düşünmürəm”.

Qoşunların sərhəddə toplanılması məsələsinə gəlincə, ekspert bunları deyib: “Onlar Kərki kəndi - Naxçıvan istiqamətində qoşunları yığırdılar, amma biz Ermənistandan əməli addımların atılmasını Qazax istiqamətində gözləyirik. Qazaxın 4 yaşayış məntəqəsi qısa bir müddətdə boşaldılmalıdır. Ermənistanı təhrik edən qüvvələr var. Guya Azərbaycan ordu gücünə həmin yaşayış məntəqlərini azad edəcək, Zəngəzura daxil olacaq və s. Bir də məlumatın kökünə baxmaq lazımdır. Bu məlumatlar Rusiya informasiya agentlikləri və “Telegram” kanalları vasitəsilə yayılır. Rusiya-Ermənistan arasında gərginlik davam edir. Ermənistan Azərbaycana qarşı toqquşmaya sövq edilir. Rusiyanın Ermənistandakı səfirinin iki gün əvvəl verdiyi açıqlama da bu təxribatın haradan qaynaqlandığını göstərirdi. Bəziləri bu hadisələri aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransını, sammiti pozmaq, orada hər hansı dəstək almaqla əlaqələndirir. Ermənistan rəhbərliyinin belə bir yola baş vuracaq qədər ağılsız olduğunu düşünmürəm”. 

1-2

Ekspert bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlığını edib: “Ermənistanın bu addımlarından ölkəmiz üçün heç nə gözlənilmir. Ermənistan bu gün xırda bir təxribat edəcəyi halda, bədəlini ağır şəkildə ödəyəcək. Gərginlik hər zaman olub. Bu gün də var. Nə qədər ki, tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, sərhədlərin müəyyənləşməsi başa çatmayıb, gərginlik olacaq. Təəssüf ki, sosial şəbəkə üzərindən bəzi vətəndaşlarımız məsuliyyətsizliyə yol verdilər. Onlar Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdirildilər və yəqin ki, layiq olduqları cəzanı alacaqlar. Azərbaycanın hər hansı müharibə etmək həvəsi yoxdur. Bizim insanlar da bu məsələdə son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar”.

 Aygün