Close

“Sonuncu erməni terrorçu məhv olana qədər əməliyyatlar davam etdirilməlidir”

"Ümumiyyətlə, erməni təxribatlarının qarşısının alınması üçün antiterror əməliyyatları başlamalı idi. Nəhayət bu gün həmin hərbi əməliyyatlar başladı”.

Bunu TNS-ə AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, Qarabağda istər hərbi, istərsə də digər qüvvələr tamamilə Azərbaycan dövlətinin nəzarətində olmalıdır: “Bu mütləq şəkildə olmalıdır ki, növbəti təxribatlar olmasın. Çünki Xankəndi ərazisində erməni terrorçuların mövcud olduğu müddətdə təxribatlar da davam edəcək. Hava məkanımıza müdaxilə ediləcək, ərazilərimizə yeni minalar basdırılacaq, nəticədə yenidən şəhid verəcəyik. Geosiyasi dəyişikliklər nəticəsində 1989-cu ildəki kimi separatçılar Azərbaycanda ərazi iddiasında olacaqlar".

Partiya rəhbərinin qənaətinə görə, bu hərbi əməliyyatlar Xankəndi şəhərində qələbə ilə yekunlaşmalıdır: “Beləliklə də Xankəndi və azad edilməyən digər ərazilərimiz Azərbaycanın tabeliyinə keçirilməlidir. Son nəticədə Azərbaycan bayrağı Xankəndidə dalğalanmalıdır. Bu hərbi əməliyyatlar keçirilməsə, Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın himayədarlıq etdiyi qüvvələr Xankəndi, Xocalı və Xocavənd əraziləri ilə qane olmayacaqlar. Onlar Azərbaycanın başqa torpaqlarına da ərazi iddiaları ilə çıxış edəcək. Bu isə regionun gələcəyinə təhlükədir. Təhlükəsizlik məqsədilə antiterror əməliyyatlarını davam etdirməliyik.

Sonuncu erməni terrorçu məhv olana qədər hərbi əməliyyatlar keçirilməlidir. Bölgədəki erməni sakinlər isə öz müqəddəratları üçün qərar verməyə məcburdurlar. Ya ölkəmizi tərk etməli ya da digər xalqların nümayəndələri kimi, Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdırlar. Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra Cənubi Qafqazda iqtisadi gücünü daha da artırmış olacaq".

Bünyamin Bünyadzadə