Close

“Azərbaycanın ərazisindəki qanunsuz silahlı birləşmələri məhv etmək hüququ var”

“Qarabağdakı qanunsuz silahlı qruplar Ermənistana məxsusdursa, onlar 10 noyabr razılaşmasına əsasən, çoxdan Azərbaycan ərazisindən çıxarılmalı idilər”.

Bunu TNS-ə siyasi şərhçi Kənan Rövşənoğlu bildirib.

O əlavə edib ki, qanunsuz erməni birləşmələrinin bölgədə qalması, 10 noyabr bəyanatına ziddir.

“Azərbaycan dövlətinin də separatçılara qarşı əməliyyat keçirib, onları məhv etmək hüququ var. Dövlətimiz bu hüququndan istifadə edərək, antiterror əməliyyatlarına başlayıb. Heç bir dövlətin və beynəlxalq təşkilatın haqqı yoxdur ki, bizim keçirdiyimiz hərbi əməliyyatlara mane olsun, buna etiraz bildirsin. Bu lokal hərbi əməliyyatlar Azərbaycanın haqq işidir. Qarabağdakı qanunsuz birləşmələrin cəzalandırılması Azərbaycan Konstitusiyasına görə ərazi bütövlüyümüzün tam təmin edilməsi üçündür.

Axı bizim ərazimizdə Ermənistan ordusu niyə olmalıdır? Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı birləşmələri ləğv etmək hüququnu indi reallıqda təmin edir. Qələbə tezliklə Azərbaycanındır. Biz yaxın zamanlarda ordumuzun uğurlu hərbi üstünlüklərinə şahid olacağıq. Allah Azərbaycan ordusunu qorusun!” - Kənan Rövşənoğlu qeyd edib.