Deputat: "Bu, son şansdır"
“Hər zaman deyirik ki, bu təxribatların qarşısını almaq üçün ən optimal versiya indiki halda Azərbaycan Ordusunun hərbi əməliyyatlarıdır”.
Bunu TNS-ə deputat Elman Məmmədov deyib.
O bildirib ki, Qarabağdakı separatçıların, terrorçuların birmənalı şəkildə zərərsizləşdirilməsi vacibdir: “44 günlük Vətən müharibəsindən artıq 3 il keçir. Hər zaman qeyri-ciddiliyi ilə tanınan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu müddətdə apardığı ikiüzlü siyasəti artıq mənfi nəticələrini göstərir. Beləliklə də Azərbaycan Ordusu çox haqlı olaraq, bu gün hərbi əməliyyatlara başladı. Mən bu günü tarixi bir gün hesab edirəm”.
Deputat bildirib ki, hazırda Azərbaycan Ordusu tərəfindən lokal hərbi əməliyyatların birinci mərhələsi həyata keçirilməkdədir: “Artıq Müdafiə Nazirliyinin xəbərlərindən öyrənirik, Xankəndidə və bölgənin digər ərazilərində hərbçilərimiz tərəfindən separatçıların bir neçə strateji hərbi obyekti məhv edilib. Bununla bağlı video-görüntülər də yayılmaqdadır. Azərbaycan dövləti Qarabağdakı erməni əsilli vətəndaşlara müraciətlər edib. Müraciətə onların reaksiyasının necə olacağından asılı olmayaraq, Azərbaycan antiterror əməliyyatlarını dövlətimizin suverenliyinə uyğun formada icra edəcək. Separatçılar hazırda hər vəchlə riyakarcasına addımlar atmaqdadırlar. Xankəndidə yaşayan dinc erməni əsilli sakinlər üçün bəlkə də bu, son şansdır. Onlar birdəfəlik dərk etməlidirlər ki, separatçılara dəstək olmaq heç bir halda xeyir gətirəsi deyil. Həmin şəxslər firavan həyat istəyirlərsə, yalnız və yalnız Azərbaycanın qanunlarına tabe olmaqla buna nail ola bilərlər.
Heç kimə sirr deyil ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür. Azərbaycan xalqı da hər zaman öz ordusunun və dövlətinin ləyaqətlə müdafiə edib, bu, bu gün də belədir. Heç bir şübhə etmədən bildirmək istərdim ki, Azərbaycan tərəfindən başladılan hərbi əməliyyatlar bizim zəfərimizlə yekunlaşacaqdır. Allah Azərbaycan xalqın,ı Azərbaycan Ordusunu, Azərbaycan dövlətini qorusun. Qarabağ bizimdir, Qarabağ bütövlükdə Azərbaycandır!"
Bünyamin Bünyadzadə