Close

19:07
29 Sentyabr 2023

"İran erməni dövləti kimi davranış nümayiş etdirir" - SƏRT AÇIQLAMA

"Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətə başlaması məsələsi hələ gündəmdə deyil. Sadəcə hələlik elə bir niyyətin olduğu bildirilir. Amma sərfirliyimizə hücumla bağlı Azərbaycanı qane edən istintaq hərəkətləri aparılmayıb. Təbii ki, biz də Azərbaycan-İran münasibətlərində normallaşmanın tərəfdarıyıq".

Bunu TNS-ə millət vəkili Fazil Mustafa deyib.

fm

O bildirib ki, İran hələ də özünü növbəti erməni dövləti kimi apardığına görə bir sıra məsələlərdə razılaşmalar baş tutmur: “İran rəsmiləri sonuncu açıqlamalarında elə danışdılar ki, sanki iki dövlətin bir Xarici İşlər Nazirliyi sözçüsü var. İran dövləti Zəngəzur dəhlizi ilə bağlı elə davranış nümayiş etdirdi ki, guya Azərbaycan İranla Ermənistan arasında dostluq-qardaşlıq körpüsünə qarşı pozuculuq fəaliyyəti həyata keçirir. Guya ki, bu yolun bağlanması mümkün ola bilər.

Lakin müasir kommunikasiya məsələlərində belə problemlər yaşanmır. İran bu və ya digər formada bildirir ki, yalnız onların çəkdiyi yol xəttindən kiçik bir xətt açmağa imkan verə bilər. Ümumiyyətlə, Azərbaycan tərəfi hər zaman normal münasibətlərin tərəfdarıdır. İran sözdə yox, əməldə normal dövlət olduğunu isbat etməlidir".

Millət vəkili Aydın Mirzəzadə isə TNS-ə deyib ki, Azərbaycanın İrandakı Səfirliyini bağlamasının tarixçəsini hamı yaxşı bilir. “Tehrandakı səfirliyimizə terror hücumu olarkən bina təhlükəsizlik qüvvələri tərəfindən qorunmadı. Buna görə də Azərbaycan dövləti İrandakı Səfirliyinin fəaliyyətini dayandırdı. Daha sonra İran dövlətinin rəsmiləri dəfələrlə Azərbaycana çoxsaylı müraciət edərək Azərbaycanın Tehranda Səfirliyinin fəaliyyətinin bərpasını istədiklərini bildirdilər. Eyni zamanda səfirliyə hücum edən terrorçunun ağır şəkildə cəzalandırılacağını deyiblər".

ay

Deputat bu qənaətdədir ki, Azərbaycan daim İranla yaxşı münasibətlərin olmasında maraqlıdır.

“Bunun üçün də həmişə səylər göstərilir. İran səfirliyimizin təhlükəsizliyinə tam zəmanət verəcəksə, dövlətimizə qarşı etdiyi düşmənçilikdən əl çəkəcəksə, o zaman heç bir problem yoxdur. Hər halda danışıqlar gedir. İranın rəsmi şəxsləri Azərbaycana səfər edərək əlaqələrin yenidən bərpa olunmasında maraqlı olduqlarını bildirirlər. İran Azərbaycanın bu tələblərini yerinə yetirdikdən sonra əvvəlki əlaqələr, qarşılıqlı səfərlər, məsləhətləşmələr yenidən başlana bilər. Hesab edirəm ki, İran öz hərəkətləri ilə Azərbaycana olan səmimi münasibətlərini isbat etməlidir", - millət vəkili əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin sözlərinə görə Azərbaycan daim bütün qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinə üstünlük verərkən, İranı istisna etməyib: “İranla münasibətlərimizdə xüsusi bir amil ondan ibarətdir ki, bu dövlətin ərazisində 30 milyondan artıq soydaşımız yaşayır. Həmin soydaşlarımızın həyatı və hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Təəssüf ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə, sonrakı 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı məsələlərdə İranın bizə münasibəti birmənalı olmayıb”.

Arzuxan Əlizadə qeyd edib ki, İran zaman-zaman bu coğrafiyada Azərbaycanın müstəqilliyini həzm edə bilmədiyini dilə gətirib:

ae

“Vaxtilə erməni işğalı altında olan Ağdam və Füzuli rayonlarındakı evlərin, obyektlərin sökülüb İrana daşınması faktları mövcuddur. Həmçinin Ermənistan özünü işğalçılıq səbəbi ilə blokadaya saldığı illərdə İran Ermənistan üçün nəfəslik rolunu oynayıb.  Ermənistan adlı qondarma dövlətin mövcudluğunda İranın müstəsna xidmətləri var. İranın Azərbaycana yönəlik siyasətində yanlış dini təfəkkürün və narkotik transferinin acı nəticələrini bu gün də hiss edirik. Bununla da İran Azərbaycanın dövlət maraqlarına ciddi zərbələr endirib.  44 günlük Qarabağ zəfərimizdən sonra isə İranın Azərbaycana qarşı mövqeyi öz çılpaqlığı ilə görünməyə başlayıb. Zəngəzur dəhlizi məsələsi gündəmə gələndə Ermənistan sərhədlərinin özü üçün qırmızı cizgi olduğunu bəyan edən İran qərəzli siyasətini bir daha nümayiş etdirmiş oldu. Səfirliyimizə hücum təşkil edənləri İran dövləti hələ də məsuliyyətə cəlb etməyib. Son dövrlərdə İran rəsmiləri ritorikalarını dəyişiblər. Azərbaycanla münasibətlərin normallaşmasına çalışdıqlarını bəyan edirlər. Birmənalı olaraq, İran dövləti əməldə dostluq və qardaşlığını göstərməlidir. Yalnız bundan sonra Azərbaycanla İran arasında normal münasibətlərin reallaşması mümkündür".

Qeyd edək ki, İran XİN sözçüsü Nasir Kənani Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətinin bərpasının mümkünlüyünü dilə gətirib.

Bünyamin Bünyadzadə