Close

Səməd Seyidov: “Erməni lobbisi ABŞ hakimiyyətini şantaj edir”

"Bir neçə gün əvvəl ABŞ Senatında olan dinləmələr siyasətin bəzən ikiüzlü olduğunu göstərdi. Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bildirmişdi ki,  Azərbaycan və Ermənistan arasındakı danışıqlarda gözəçarpan dərəcədə inkişaf var. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və Qarabağ İqtisadi Zonası ilə bağlı problemlərdən danışaraq, Ağdam-Xankəndi və Laçın yollarını nəzərə almaq şərtilə məsələlərə baxış nümayiş etdirirdi. Lakin yaddan çıxarmaq lazım deyil ki, Senatındakı dinləmələr ermənipərəstlər tərəfindən təşkil olunub".

Bunu TNS-ə Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Deputat bildirib ki, Senatın xarici əlaqələr komitəsinin sədri Menendes nəinki ermənipərəstdir, bütün davranışları ilə ermənidir. Ölkəmizə qarşı çıxışları, Amerika Birləşmiş Ştatlarının Azərbaycana səfir təyinatına açıq şəkildə əngəllər yaratması və digər nüanslar onun anti-Azərbaycan mövqeyində olduğunu isbat edir: “Senatda Azərbaycana qarşı olan dinləmələrdən əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi media vasitəsilə açıq məktubla müraciət ünvanlayıb. Müraciətimiz Milli Məclisin saytında da yayımlanıb. Senatda baş verəcək hadisələr haqqında məktubda öncədən məlumatlar yazmışdıq. Çünki bilirdik ki, bu, məhz erməni lobbisi tərəfindən təşkil olunmuş bir məsələdir. Burada heç bir təsadüfdən söhbət gedə bilməz. Erməni lobbisi bir müddət sonra Amerika Birləşmiş Ştatlarında baş tutacaq seçkilərlə bağlı hazırkı ABŞ iqtidarını şantaj etməyə başlayıb”.

Səməd Seyidov xatırladıb ki, Senatdakı son dinləmələrdə Amerika Birləşmiş Ştatlarının dövlət nümayəndələri ABŞ-nin maraqlarına zidd olaraq qərəzli bəyanatlar veriblər.

“Bu dinləmələrdə səsləndirilən bəyanatlar sanki erməni diasporunun qələmi ilə yazılıb. Biz bu cür riyakar bəyanatlara daha əvvəl Fransanın timsalında da şahid olmuşuq. Makron erməni lobbisinin qarşısında onları razı salmaq üçün tamamilə qərəzli və Azərbaycan əleyhinə çıxışlar etmişdi.

Erməni lobbisi Bayden hakimiyyətini və dövlət nümayəndələrini şantaj edərək onları ermənipərəst bəyanatlar verməyə vadar edir. Bununla da onlar Amerika-Azərbaycan münasibətlərinə zərbə vurur. Əfsus ki, ABŞ-dakı bəzi məmurların öz maraqlarını müdafiə etməyə gücü çatmır", - deputat qeyd edib.

Səməd Seyidov bildirib ki, bu bəyanatlar Amerika və Azərbaycan arasında münasibətlərə müəyyən təsir göstərsə də, ümumi dəst-xətti kəskin şəkildə dəyişə bilməz. Ona görə ki, Amerika Birləşmiş Ştatları yalnız demokratlardan ibarət deyil: “Respublikaçılar və digərləri də var. Onların da mövqeləri fərqlidir. Təəssüf ki, ABŞ iqtidarı fəaliyyətinin sonuncu ilində seçkilərdə üstünlüklər əldə etmək üçün Azərbaycanla bağlı açıq formada yalanlar ifadə edir. Biz bunu dəfələrlə müşahidə etmişik. Misal üçün 907-ci maddənin qəbulunu, 30 il müddətində Azərbaycan torpaqları işğal altında olarkən ABŞ-nin susmasını görmüşük. Senatdakı dinləmələrlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat da verib. Azərbaycan öz mövqeyini rəsmi olaraq bildirib. Haqq-ədalətin üzərindən xətt çəkmək mümkün olmayacaq. Senatdakı qərəzli bəyanatlar erməni lobbisinin qarşısında aciz olan Amerika Birləşmiş Ştatlarının mövqeyini göstərir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ dövlətində həqiqəti söyləməyə özlərində güc tapan şəxslər də az deyil".

Bünyamin Bünyadzadə