Close

Dövlət Miqrasiya Xidmətini kim idarə edir? – Vüsal Hüseynov suallarımızı cavabsız qoyub

Dövlət Miqrasiya Xidmətinə ötən həftənin cümə günü sorğu göndərmişik. Xüsusi araşdırma tələb etməyən bir məlumatdır. Sadəcə soruşmuşuq ki, Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə rəhbər təyin edilibmi?

“İnformasiya əldə etmək haqqında” Azəraycan Respublikası Qanununun 24-cü maddəsində göstərilir ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu qanuna görə, bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Biz isə 5 gündür, sorğumuza cavab gözləyirik. Halbuki, bu sorğu cavablandırılması cəmi bir saat vaxt aparan məlumatdır.

“TNS” İnformasiya Agentliyi Dövlət Miqrasiya Xidmətindən heç vaxt vaxtında, operativ məlumat ala bilməyib. Niyə? Ona görə ki, TNS-də ən çox tənqid olunan Vasif Talıbovun oğlu Rza Talıbov orada işləyir, bu orqanda hələ də kimlərsə ondan ya qorxur, ya da ona ehtiram göstərir. Rza Talıbov isə məhz TNS-ə məlumat verilməsini qadağan edib.

Agentliyin direktoru dünən sosial şəbəkələr üzərindən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət edərək soruşmuşdu ki, bu qurumun rəhbəri odur, yoxsa Rza Talıbovdur?

Sitat: “Elə deyilsə, bizim sorğumuza niyə cavab verilmir? Axı biz mediadan sizin rəhbərlik etdiyiniz orqanın və xüsusilə sizin mətbuata daha çox açıq qurum və rəhbər olduğunuzu bilirik. O zaman bu nə “operativlikdir”? Geriyə bir ehtimal qalır. Bizim agentliyə və şəxsimə qarşı sizin rəhbərlik etdiyiniz orqanda olan ayrıseçkilik. Bunun da səbəbkarı bəllidir. İnanmaq istəyirəm ki, bütün bu baş verənlərdən sizin məlumatınız yoxdur. Və açıq deyirəm ki, hansısa baş idarə rəisiniz öz şəxsi ambisiyaları ucbatından sizin müsbət fəaliyyətinizə kölgə salır”.

Nə müraciətimizə, nə də 5 gün bundan əvvəl göndərdiyimiz sorğuya cavab verildi. Nəticə çıxarmağı oxucuların ixtiyarına buraxırıq.

Deməli, Miqrasiya Xidməti mediaya açıqdır təbliğatı şoudan başqa bir şey deyilmiş. Heç bir araşdırma tələb etməyən informasiya sorğusunu 5 gündür, cavablandıra bilməyən qurumun hansı “operativliyindən” söhbət gedə bilər.