Close

Prezident Laçından ermənilərə xəbərdarlıq etdi - Deputat Qarabağda keçiriləcək əməliyyatın anonsunu verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı zamanı Qarabağ ermənilərinə, separatçılara ciddi mesajlar verib.

Dövlət başçısı bildirib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır: “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

Prezident deyib ki, biz, sadəcə olaraq, dözüm göstəririk: “Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var”.

Prezidentin bu mesajları nədən xəbər verir? Yaxın gələcəkdə bölgədə hərbi əməliyyatlar keçirilə bilərmi?

TNS mövzunu Milli Məclisin deputatı Arzu Nağıyevlə müzakirə edib.

Deputat saytımıza açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Laçında ermənilərə və onların havadarlarına ciddi mesaj göndərib.

arzu-nagiyev-ela

“Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması prosesində dəfələrlə bizim təklif etdiyimiz 5 maddənin əksinə olaraq onlar status məsələsi qabardırlar. Cənab Prezident hələ 2020-ci ilin noyabr ayında statusun olmayacağını bəyat edib. Son iki ildəki danışıqlarda ermənilər status məsələsi ilə bağlı ortaya ciddi bir arqument qoya bilməyiblər. Hansısa statusdan dəm vuran erməni separatçıları Prezident İlham Əliyevin bu mesajından sonra bir daha başa düşməlidirlər ki, Azərbaycanın daxilində heç vaxt ikinci bir erməni dövləti olmayacaqdır. Azərbaycan bayrağı altında yaşayacaq erməni icmasının nümayəndələri ölkəmizdəki digər etnik qruplar kimi bütün imtiyazlardan, Azərbaycan vətəndaşları kimi Konstitusiyaya uyğun olaraq bütün hüquqlardan istifadə edəcəklər”, - millət vəkili bildirib.

Arzu Nağıyev deyib ki, Qarabağdakı separatçılar arasında Azərbaycana qarşı cinayət etmiş, beynəlxalq səviyyədə cinayətlər törətmiş şəxslər var. Onlar da mütləq cəzalandırılacaqlar.

Deputatın sözlərinə görə, kimlər ki Azərbaycan qanunlarını qəbul edir, onlar bizim vətəndaşlarımız kimi yaşayacaqlar: “Əvvəl-axır orada yaşayan erməni icması başa düşəcək ki, Azərbaycan daxili və xarici siyasətindən birmənalı şəkildə geri dönən deyil. Laçın yolunda yaradılan sərhəd-buraxılış məntəqəsi ilə göstərdik ki, biz öz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etmişik və bu prosesləri beynəlxalq standartlara uyğun həyata keçiririk. Paşinyan da, digərləri də status məsələsini qabartmaqla bütün dünyaya göstərmək istəyirlər ki, guya burada hansısa insan haqlarının tapdalanmasından söhbət gedir. Bunların hamısı absurddur, cəfəngiyyatdır”.

Millət vəkili bildirib ki, sülh müqaviləsinin imzalanması üçün humanist addımlar atılsa da Qarabağdakı erməniləri Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası ilə yaşamağa məcbur etmək üçün bizim digər metodlarımız da var.

“Onlar Prezident İlham Əliyevin Laçında verdiyi mesajdan nəticə çıxarmalıdırlar. Başa düşməlidirlər ki, Azərbaycanın həmin ərazidə antiterror əməliyyatı keçirmək hüququ vardır. Dünyanın heç bir dövləti Azərbaycana öz daxilində keçirdiyi hərbi əməliyyata, antiterror əməliyyatına görə irad tuta bilməz. Biz BMT-nin ərazi bütövlüyünü tanıdığı bir dövlətik, heç bir beynəlxalq qanunları və normaları pozmuruq. Düşünürəm ki, separatçılar bir daha dərindən düşünməli, sülh müqaviləsinin imzalanmasına maraq göstərməli, qanunsuz iddilarından əl çəkməlidirlər”, - Arzu Nağıyev əlavə edib.