Close

Paşinyanın israr etdiyi xəritə - Bu zaman bir sıra tarixi torpaqlarımız Ermənistanda qalır

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq.

Onun sözlərinə görə, Rusiya bir neçə dəfə bu xəritələrdən bəhs edib. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır: “İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”.

TNS-in məlumatına görə, SSRİ Baş Qərargahının çoxlu xəritələri var, onların bir çoxu nəşr olunub. Xəritələr 1973-1981-ci illərdə yayımlanıb. Rusiya lideri Putin də bəyan edib ki, xəritələr ölkəsinin Baş Qərargahındadır.

Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirib ki, 1975-ci il xəritəsi Azərbaycana sərf etmir: “Çünki 60-cı illərin sonunda Qazax və Gədəbəydə ərazilərlə bağlı iddia qaldırılmışdı. 1975-ci illə götürüləndə bizim tarixi torpaqlarımız Ermənistan ərazisində qala bilər. 80-ci illərin ortasında isə Ceyrançöl ərazisindən yüz hektarlarla ərazimizi guya Ermənistanın otlaq ərazisi yoxdur adı ilə bizim rəhbərlərdən birinin başını aldadıb ələ keçirmişdilər”. K.Məmmədovun sözlərinə görə, Paşinyan erməni işğalındakı anklav kəndlərimizi Azərbaycanın ərazisi olaraq qəbul etdiyi kimi, Artsvaşen adlandırdığı Gədəbəy ərazisindəki Başkəndin də Ermənistan ərazisi olduğunu bildirməklə demək istəyir ki, Azərbaycanın 8 anklav kəndi geri qaytarılsa, Başkənd də onlara verilməlidir.

Görünən odur ki, Ermənistan sıfır vəziyyətinə, yəni münaqişənin başladığı 1988-ci il vəziyyətinə qayıtmaq istəyir. Növbəti təhlükə o ola bilər ki, 1988-ci il vəziyyətinə qayıdırıq deməklə, “Dağlıq Qarabağın muxtar vilayət statusu”nun bərpasını istəsinlər. Ermənilər hansısa addımı atanda mütləq ki, arxasında bir oyunları var. Ona görə buna hazır olmalıyıq. Qonşu ölkənin ərazisi ilə tam əhatələnmiş anklavlar - Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib. Eyni zamanda Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini - hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqları nəzarətə götürüb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qazağın 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır. Paşinyanın məhz 1975-ci il xəritəsini israr etməsi sadalanan bu faktlarla bağlıdırmı? Erməni baş nazirin xəritələr və qoşunların sərhəddən “güzgü üsulu” ilə geri çəkilməsi istəklərini Azərbaycan qəbul edəcəkmi?

Erməni kartoqraf Ruben Qalçyanın sözlərinə görə, Ermənistan-Gürcüstan dövlətlərarası yolunun keçdiyi Qazağın 7 və Naxçıvanın Kərki kəndi Ermənistanın 29.8 min kvadratkilometr ərazisinə daxil deyil. Bundan başqa, Qalçyan qeyd edir ki, həmin xəritələrdə Gorus - Qafan yolunun bir hissəsi də Azərbaycan ərazisindən keçir. Artıq Azərbaycan həmin yola nəzarəti bərpa edib.

“70-ci illərin və ya Paşinyanın dediyi kimi, 1975-ci ilin xəritələri əsasında demarkasiya və demarkasiya işlərinin aparılması və həmin xəritələr əsasında qoşunların "güzgü effekti" ilə çıxarılması anklavların geri qaytarılması deməkdir", - kartoqraf söyləyib.

resize

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan işğala məruz qalmış tərəfdir. Politoloqun fikrincə, bu gün delimitasiyası müzakirə edilən ərazilər 30 ildən çox ermənilərin işğalı altında qalıb və Ermənistan orada möhkəmlənib: “Azərbaycan isə yeni-yeni möhkəmlənir. Paşinyanın dediyi "güzgü effekti" ilə qoşunları geri çəkməklə, bundan daha çox Ermənistan qazanmış olacaq. Nəticə etibarı ilə sərhədyanı ərazilərin demilitarizasiyası mümkün olmayacaq, çünki Ermənistan sərhədboyu əraziləri militaristləşdirib".

1975-ci il xəritələrinə gəlincə, Q.Hüseynli deyib ki, sovet vaxtında Azərbaycan torpaqlarının pay-püş edilməsi 1920-ci illərdən başlanıb: “1923-cü ildə Zəngəzur, 1936-cı ilə qədər Dərələyəz və Göyçə mahalı verilib ki, bu da Ermənistanın təxminən 10 min kvadrat kilometr ərazisinin genişlənməsi deməkdir. Ancaq peşkəş problemi bununla məhdudlaşmayıb, 60-cı illərin sonunda Laçın rayonu ərazisində, Qarasu gölü və onun ətrafındakı otlaq sahələri, xeyli böyük ərazilərdir ki, Ermənistana verilib. Beləliklə, torpaqdan pay vermək prosesi 80-ci illərin əvvəllərinə qədər davam edib. Misal üçün, 70-ci illərin əvvəlində Ceyrançöldən otlaq sahələri, 1983-cü ildə Qazağın 2 min kvadrat kilometr sahəsi meşə və əkin sahələri olaraq Ermənistana verilib”.

Q.Hüseynlinin sözlərinə görə, 1975-ci ilə qədər Azərbaycanın demək olar ki, 21 min kvadratdan çox ərazisi Ermənistana bağışlanıb, bu səbəbdən Paşinyan torpaq pay-püşünü ört-basdır etmək üçün həmin xəritələri gündəmə gətirir: “Ancaq bütün topoqrafik və siyasi xəritələrlə ümumi mənzərənin ortaya çıxarılması lazımdır. Peşkəş edilən ərazilərin geri verilməsi yox, sadəcə, millətçi erməni kəsimə və beynəlxalq aləmə bu faktı çatdırmaq, tarixi yaddaşı yeniləmək üçün bu, bizə lazımdır”.

cumsud

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyevin fikrincə, İrəvan 1975-ci il xəritəsini önə çəkməklə Azərbaycanın Laçın ərazisində qoyduğu postun Ermənistan ərazisində qalmasına çalışdığını ortaya qoyur: “Azərbaycanla Ermənistan arasında sonuncu dəfə torpaq bölgüsü 1984-cü ildə aparılıb. Nəticədə Azərbaycanın Qazax rayonunun 600 hektardan çox meşə zonasını ermənilər götürür. 1975-ci il xəritəsinə istinad edilməsi Moskva tərəfindən verilən təklifdir. Bu xəritədə Qazağın kəndləri anklav şəklində Ermənistanın tərkibində qalır. Yəni Ermənistanın sərhədi indiki sərhədə gəlib çıxır. Ona görə də İrəvan məhz 1975-ci il xəritəsini gündəmə gətirir. Bakı ilə İrəvan arasında sərhəd dəyişikliyi iki dəfə, 1929 və 1984-cü illərdə baş verib. Bu dəyişikliklər də Azərbaycanın xeyrinə olmayıb. İrəvan 1975-ci il xəritəsini yəqin ki, keçmiş Dağlıq Qarabağın ərazisinə görə istəyir. Çünki həmin dövrdə Hadrutla Ermənistan arasında məsafə çox yaxın idi. Azərbaycan sonradan məsafəni artırdı. Köhnə xəritəyə əsasən ermənilər Gorusdan müəyyən qədər, təxminən 5-6 km. zolaq şəklində Qubadlının ərazisinə daxil olurlar. Bu fonda da Hadrutla Ermənistan arasında məsafə daha qısa olur. Həmin səbəbdən Paşinyan 1975-ci il xəritəsinin üzərində dayanır. Ermənilərin məqsədi şeytani məqsəddir”.

C.Nuriyevin sözlərinə görə, İrəvan bu xəritəyə istinad etməklə Laçında qoyulan postumuzun öz aləmlərində Ermənistan ərazisində qalmasına çalışır: “1991-ci ildə isə hər iki dövlətin ərazisini təsdiq edən Almatı sənədi imzalanıb. 1975-ci il xəritəsi Azərbaycanın ziyanınadır. Bütün hallarda, Azərbaycan və Ermənistan BMT-yə hansı ərazilər daxilində qəbul olunubsa, sonda məhz o ərazilər də təsdiq olunacaq”.