İlham Əliyev yeni tarix yazır – Xilaskar Lider Naxçıvana nəfəs verir
Taleyini öz xalqına xidmətlə bağlayan insanların ömrü də Vətənin bütün sonrakı mövcudluğuna qovuşur. Başqa sözlə desək, böyük şəxsiyyətlərin ömrü onların ideyalarının həmişəyaşarlığı ilə ölçülür. Həyatını xalqının xoşbəxtliyi, müstəqil dövlətinin yaradılması yolunda şam kimi əridən ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Azərbaycançılıq ideyası və dövlətçilik yolu böyük rəhbərə əbədiyyət haqqı qazandırıb. Ulu Öndər müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını da təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, ölkəsinin müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varisi də yetişdirib. Bu gün ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
2003-cü il oktyabr ayının 1-də xalqına ünvanladığı müraciətdə “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” yazan Ulu Öndərimiz həyatının mənası olan Azərbaycanın qarşısında son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həmin il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev siyasətinin davamına səs verərək İlham Əliyevi özünün rəhbəri seçdi. Xalq özünün əbədi liderinin sözünə güvənmişdi: “Mən ona özüm qədər inanıram”.
Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən İlham Əliyevin prezidentliyinin ilk 5 ilində ölkəmizin inkişafı daha da sürətləndi, yeni-yeni uğurlara imza atıldı. Qısa müddətdə Azərbaycan keçid dövrünü yaşayan ölkədən inkişaf edən dövlətlər sırasına çıxdı.
2008-ci ildə növbəti prezident seçkiləri keçirildi. İlham Əliyev bu seçkilərə böyük uğur və nailiyyətlərlə, xalqın etimadını doğruldan lider kimi qatılmışdı. Azərbaycan xalqı bu seçkilərdə də Ulu Öndərin yolunu uğurla davam etdirən liderini yenidən özünün rəhbəri kimi görürdü. Növbəti mərhələdə Prezident İlham Əliyev tarixdə analoqu olmayan inkişaf proqramlarını, layihələri gerçəkləşdirdi. Bu dövrdə də bütün ölkəni əhatə edən geniş tikinti və quruculuq işləri aparıldı. Yollar və körpülər salındı, yüzlərlə istehsal müəssisəsi istifadəyə verildi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerləri açıldı. Məktəblər, xəstəxanalar, idman kompleksləri tikildi, qitələri birləşdirən dəmir yolları, transmilli neft və qaz kəmərləri çəkildi. Elektrik, su və qaz təminatı, insanların rifahı yaxşılaşdırıldı.
2013-cü ildə keçirilən seçkilərdə Azərbaycan xalqı buvaxtadək göstərilən etimadı yüksək səviyyədə doğruldan, verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər təsirli olan Yeni tarixi mərhələnin Liderinə səs verdi.
2018-ci ildə isə Azərbaycan xalqı bütün dünyada ciddi nüfuz sahibi olan, iri dövlətlərin belə hesablaşdığı kiçik ölkənin Böyük Liderini qürur və minnətdarlıq hissi ilə yenidən özünün Prezidenti seçdi. Artıq bu tarixi mərhələdə xalqımız tam əmin idi ki, İlham Əliyevsiz onun xoşbəxt gələcəyi ola bilməz.
İlham Əliyevin böyük rəhbərlərə məxsus dərin zəkası, güclü enerjisi və çevikliyi ondadır ki, o, gələcək çətinlikləri əvvəlcədən görərək xalqımızı və dövlətimizi buna hazırlayıb. Bu gün Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli dövlət xadimi olduğunu bir daha görür.
Yeni tarixi mərhələnin lideri ölkəni iqtisadi cəhətdən inkişaf etdirərək, güclü və yenilməz Ordu yaradaraq xalqımızı işğalda olan torpaqlarımızın azad edilməsi mərhələsinə hazırlamışdı. Vətən müharibəsindən bir neçə il əvvəl ölkəmizdə reallaşdırılan struktur və kadr islahatları Azərbaycanı müxtəlif çətin situasiyalardan çıxarmağa hesablanmış tədbirlər idi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə xalqımızın ən böyük problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi ilə biz təkcə Qarabağ problemini həll etmədik, həm də qürurumuzu özümüzə qaytardıq.
İkinci Qarabağ savaşı parçalamaq, pərən-pərənə salmaq istədikləri xalqımızı birləşdirdi, bütövləşdirdi. Müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamaq olmaz.
Tarix boyu bu xalqı dəfələrlə məhv etməyə çalışıblar. Ancaq o, yenidən var olmağı bacarıb, dirçələ bilib. Xalqımızın hər bir övladı əli hər yerdən üzüləndə Vətəndən yapışıb. Hamı Vətəndən yapışanda isə birləşib, daha güclü olub, haqqının tapdalanmasına imkan verməyib.
Bu dəfə də belə oldu. 30 il haqsızlığa, ədalətsizliyə dözən Azərbaycan xalqı yenə Vətənindən yapışıb öz problemini özü həll etmək istədi. Ancaq indi vəziyyət başqa idi. Dünyanın böyük gücləri daha amansız, daha vicdansız, daha insafsız olmuşdu. Onlar bu xalqı elə yormuşdular ki, indi onun Vətənindən yapışıb birləşməyə heç illacı qalmamışdı.
Bir möcüzə baş verməli, kimsə Vətən olmağı bacarmalı idi. Ki, əli hər yerdən üzülənlər ondan tutub ayağa qalxa bilsin. Bu möcüzəni Prezident İlham Əliyev yaratdı, hər kəs Onun ətrafında biləşib ayağa qalxa bildi. Beləliklə, Prezident İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirərək bölgədə yeni reallıq yaratdı. O öz adını Azərbaycanın tarixinə Qarabağın və Şərqi Zəngəzurun Xilaskarı kimi əbədi həkk elədi.
Xalqımız bilir ki, Prezident necə çətin bir işi reallaşdırıb, hansı təhdid və təzyiqlərə sinə gərərək torpaqlarımızı düşmən tapdağından azad edib, bunun üçün kimlərlə mübarizə aparıb. Fakt odur ki, dünyanın güc mərkəzləri yeni dünyanın güclü lideri ilə hesablaşmağa məcbur olublar. Onlar da bilir ki, İlham Əliyev üçün Azərbaycanın müstəqilliyinin, dövlətimizin ərazi bütövlüyünün qorunmasından önəmli heç nə yoxdur.
Prezident İlham Əliyev xilaskarlıq missiyasını davam etdirir. İlham Əliyev artıq Naxçıvanı da xilas edir. Dünyanın böyük güc mərkəzlərinin diqqətində olan Naxçıvanı 27 ildir, idarə edən despot Vasif Talıbov bəzi xarici qüvvələrin oyuncağına çevrilmişdi. Beləliklə, Naxçıvan və bütövlükdə ölkəmizin suverenliyi üçün təhlükə yaranmışdı. İlham Əliyevin müdrikliyi sayəsində bu təhlükəni itkisiz sovuşdurduq.
Naxçıvan artıq qapalı mühitdən, salındığı blokdan çıxarılıb. İndi qarşıda duran vəzifə bölgəni blokadadan çıxarmaqdır.
Zəngəzur dəhlizinin açılmasından sonra muxtar respublika blokada məngənəsindən çıxarılacaq, bölgənin ölkəmizin əsas ərazisi ilə quru əlaqəsi yaradılacaq və daha sürətli inkişafı təmin ediləcəkdir.
Bildiyimiz kimi, 1920-ci ildə Zəngəzurun zorla Ermənistana birləşdirilməsindən sonra Naxçıvan blokadaya salınıb. Blokadaya görə muxtar respublika statusu verilən Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur edilib. Naxçıvanlılar 30 ildən çoxdur ki, öz həyatlarında blokadanın çətinliklərini hiss edirlər. Naxçıvanda yaşayanlar mövcud vəziyyətin, yəni blokadanın nə demək olduğunu yaxşı bilirlər.
Qüdrətli dövlətimiz naxçıvanlılara hər nə qədər blokadanın çətinliklərini hiss etdirməməyə çalışsa da, ömründə bircə dəfə İran ərazisindən keçib Bakıya gələn muxtar respublika sakinləri, yaxud əzizinin dəfnində iştirak etmək üçün Naxçıvana təyyarə bileti tapa bilməyənlər blokadanın ağrı-acısını iliklərinə qədər hiss ediblər. Ona görə də Zəngəzur dəhlizi Naxçıvan üçün nəfəslikdir. Və İlham Əliyev Naxçıvana nəfəs verir.
Zəngəzur dəhlizinin yaradılması Naxçıvanı təkcə blokadadan çıxarmayacaqdır. Bu nəqliyyat dəhlizinin açılmasından sonra muxtar respublika logistik mərkəzə çevriləcəkdir. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaqdır.
Zəngəzur dəhlizinin açılması Türk dünyasının coğrafi birləşməsidir. İlham Əliyevin qətiyyəti həm də bu tarixi ədaləti bərpa edir. Deməli, bizim Liderimiz Türk dünyasının qırılmış əlaqəsinin xilaskarı kimi dünya tarixində əbədi yaşayacaqdır.
Zəngəzur dəhlizi Ermənistan üçün də tarixi fürsətdir. Bu dəhlizin açılması hər gün məhvə doğru sürüklənən Ermənistanın xilası üçün olduqca vacibdir. Revanşistlərdən fərqli olaraq, erməni cəmiyyətinin ağıllı adamları başa düşür ki, onları ancaq İlham Əliyev xilas edə bilər. Deməli, Prezident İlham Əliyev həm də bütün Cənubi Qafqazda sabitliyin xilaskarına çevrilir. Belə bir xilaskarlıq missiyasını reallaşdırmağı isə bu bölgədə tarixin heç bir dövründə heç bir siyasi lider bacarmayıb.
Prezident İlham Əliyev yeni tarix yazır. O, Heydər Əliyev kimi, Azərbaycan xalqının inamını özünə qaytarır, xalqı bir yumruq kimi birləşdirməyə nail olur. O, İlham Əliyev məktəbinin yetirməsi, ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanı daha qüdrətli dövlətə çevirir. O, yeni dünya düzəninin formalaşdırılmasında fəal iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Artıq Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayır.
İlham Əliyev qüdrətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə, xalqımızın Vətən olmağı bacaran Xilaskarıdır. Bu tarixi xidmətlərinə görə, İlham Əliyev Azərbaycan xalqının hər bir övladının xilaskarına çevrilib, insanların qəlbində əbədiyaşarlıq hüququ qazanıb. Ona görə də Liderinin doğum gününü xalq bayram kimi qeyd edir.
Doğum gününüz mübarək Cənab Prezident!
Tural Səfərov