Trampın 80 yaşlı generalı Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək?
ABŞ-ninn yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə təyin etdiyi istefada olan general-leytenant Kit Kelloq münaqişənin həlli ilə bağlı müxtəlif təkliflər irəli sürüb.
Trampın 80 yaşlı generalının Ukrayna üçün sülh planları reallaşacaqmı?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Rusiya və Ukrayna müharibəsinin həll edilməsi Donald Trampın əsas xarici siyasət prioritetlərinə daxildir.
“Tramp seçkidən öncə də bildirmişdi ki, prezident seçildikdən sonra bir gün ərzində bu müharibəni dayandırmaq gücünə malikdir. Şübhəsiz ki, həmin dövrdə söylənilən fikirlər seçkiqabağı yarışa və bu istiqamətdə həyata keçirilən fəaliyyətə yönəlmişdi. Burada əsas məqsəd seçicilərin rəğbətini qazanmaq idi. İndi isə bu işi icra etmək lazımdır. Yanvar ayının 20-də Donald Tramp inaqurasiya mərasimindəndən sonra ABŞ-nin 47-ci Prezidenti kimi səlahiyyətlərinə başlayacaq. Trampdan böyük gözləntilər var və o, elə etməlidir ki, dünya birliyi də bu barışı qəbul etsin. ABŞ öz nüfuzunu, strateji imperativlərini qoruyub saxlaya bilsin. Eyni zamanda Kiyevlə və Moskva arasındakı sülhün dayanıqlılığı da təmin olunmalıdır. Bu gün belə fikirlər səsləndirilir ki, Ukrayna ərazisi üç yerə bölünəcək. Trampın təyin etdiyi xüsusi nümayəndə sadalanan faktorları nəzərə almalıdır”, - deyə o əlavə edib.
İlyas Hüseynovun dediyinə görə, 80 yaşlı generalın Ukrayna ilə sülh planlarının reallaşıb-reallaşmayacağı böyük sual doğurur: “Hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət çox gərgindir. Çünki Ukraynaya verilən uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirilir. Eyni zamanda Rusiya da yeni raketi sınaqdan keçirib.
Belə bir durumda sülhə nail olmaq nə qədər mümkündür? Bunu zaman göstərəcək”.
Ayşən Azadova