HƏMAS-ın yeni rəhbəri kimdir?

Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniye bu gün Dohada dəfn olunacaq.
Hazırda dünyanın əsas gündən mövzularından biri Haniyenin varisinin kim olacağıdır.
TNS xəbər verir ki, hazırda bu vəzifəni HƏMAS-ın qurucularından olan Xalid Maşal icra edir. O, Dohada dəfn mərasimində iştirak etmək üçün xaricdən gələn qonaqlarla görüşür, Haniyenin övladları ilə birlikdə başsağlıqlarını qəbul edir.
Xarici mətbuat orqanları artıq təşkilatın Siyasi Bürosuna Maşalın rəhbər təyin olunduğunu yazır.
Xatırladaq ki, Xalid Maşal daha əvvəl HƏMAS-ın Siyasi Bürosunun sədri olub.
Onun kimliyinə gəlincə, Xalid Maşal 1956-cı ildə İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığında doğulub. Sonra ailəsi ilə birlikdə Küveytə köçüb.
15 yaşında Müsəlman Qardaşları təşkilatına qoşulan Maşal 1980-ci illərdə HƏMAS-ın yaranmasında da rol oynayıb.
1978-ci ildə Küveyt Universitetində fizika ixtisası üzrə ali təhsil alaraq, bir müddət müəllim işləyib. Sonradan işindən ayrılıb, 1990-cı ildə Küveytdən Ammana köçüb.
O, 1996-cı ildə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib, 21 il bu vəzifəni icra edib. 1997-ci ildə İordaniyada sui-qəsdə məruz qalsa da, bundan xilas ola bilib. Belə ki, ona qulağından zəhər verilib. Amma Maşal zəhərə qarşı zərdabı taparaq, ölümdən xilas olub.
Xalid Maşal 2001-ci ildə Suriyaya köçüb. 2004-2012-ci illər arasında paytaxt Dəməşqdə olan Maşal Suriyada vətəndaş müharibəsinin başlaması ilə bu ölkəni tərk edərək Qətərin paytaxtı Doha və Misirin paytaxtı Qahirədə yaşamağa başlayıb.
O, 2017-ci ildə Siyasi Büro rəhbərliyi vəzifəsindən ayrılıb, yerinə İsmayıl Haniye keçib. Maşal isə HƏMAS-ın xarici əlaqələr təşkilatının rəhbəri olub.