Putin həmin qatili niyə qırmızı xalıda qarşıladı- Onları birləşdirən qaranlıq keçmiş

Qərb kəşfiyyat agentlikləri beynəlxalq mübadilə nəticəsində Almaniya tərəfindən azad edilmiş Vadim Krasikovun Sankt-Peterburq meri Anatoli Sobçakın mümkün qətlində iştirak edə biləcəyini ehtimal edir.
TNS xəbər verir ki, bu barədə “Bild” nəşri yazır.
Nəşrin mənbələrinə görə, Rusiya Prezidenti Vladimir Putin və Krasikov keçmişdə sıx əlaqədə olublar.
Çeçen komandiri Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək Almaniyada ömürlük həbs cəzasına məhkum edilən qatil Kreml üçün təhlükəli olan məlumatlara malikdir. Məhz buna görə də, Krasikovun cəzasını Almaniyada çəkərsə, vacib məlumatları açıqlaması və alman hakimiyyəti ilə sövdələşmə ehtimalı Putini qorxuda bilər.
Kəşfiyyat xidmətləri etiraf edir ki, o, 1990-cı illərdə Putin və onun rəhbəri, Sankt-Peterburqun meri Anatoli Sobçak üçün işləyib, onların siyasi rəqiblərini sıradan çıxarıb. Lakin 2000-ci ilin fevralında, Putin prezident kimi fəaliyyətə başladıqdan bir neçə həftə sonra Sobçak qəfil ölüb.
Bild qeyd edir ki, ölümün rəsmi səbəbi - infarkt – versiyalardan biri olaraq qalır, yaxınları isə Sobçakın öldürüldüyünü güman edirlər. Qərb kəşfiyyatı şübhələnir ki, Kreml rəhbəri məhz buna görə Krasikovun azad edilməsi üçün bu qədər inadla mübarizə aparıb.
“Wall Street Journal” avqustun 1-də yazır ki, qatilin ekstradisiyası Putinin mübadilə üçün əsas şərti olub. Bundan əvvəl “Bellingcat” qrupu və Rusiyanın “The Insider” nəşrinin jurnalistləri birgə araşdırma zamanı müəyyən ediblər ki, Krasikov Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəlidir və mütəmadi olaraq Rusiya FTX-nin “Vımpel” xüsusi bölməsinin təlim bazalarında vaxt keçirib.
WSJ-nin məlumatına görə, o, təkcə Putini tanımayıb – onlar o qədər yaxın olublar ki, atəş meydançasını birlikdə ziyarət ediblər.
WSJ iddia edir ki, 2021-ci ildən bəri Putin qatili Almaniyadakı həbsxanadan çıxarmaq üçün xüsusi xidmət orqanlarına daim təzyiq göstərir. Onun Krasikova olan sevgisi Qərb kəşfiyyatçılarını o qədər təəccübləndirib ki, onlar azadlığa çıxan qatilin Putinin şəxsi mühafizəçisi ola biləcəyini etiraf edirlər.
Amerika nəşri Rusiya Federasiyasındakı mənbələrə istinadən onun həyatı ilə bağlı bir sıra təfərrüatları dərc edib: "O, ayda təxminən 10 min dollar maaş alır, tez-tez "işgüzar səfərlər”ə çıxır, bahalı dizayner paltarları geyinir, ailəsi Moskvanın prestijli bölgəsində yaşayır və arvadı qohumlarına ərinin “Porsche” və “BMW” ləri o qədər tez-tez dəyişdirir ki, "onlara öyrəşməyə vaxtım olmur" deyə şikayət edirdi".
Məqalədə deyilir ki, Almaniyada həbs olunduqdan sonra o, özünü uydurma adla təqdim edib və əsl adını heç vaxt açıqlamayıb. O, müstəntiqlərlə əlaqə saxlamaqdan imtina edib və bir dəfə mühafizəçiyə deyib ki, Rusiya Federasiyası məni həbsxanada çürüməyə qoymayacaq.