Close

18:20
06 Dekabr 2024

Bazarlarda tüğyan edən saxta pullar - Azərbaycanda dövriyyədə belə əskinaslar varmı?

Türkiyədə dövriyyədə 600 milyon dəyərində saxta 50 və 100 dollarlıq əskinasların olduğu iddia edilir. Bildirilir ki, saxta dollarlar heç bir problem olmadan pul sayan aparatlardan keçir.

Azərbaycanda da bu cür saxta pulların dövriyyəyə buraxılması riski varmı? 

İqtisadçı Pərviz Heydərov TNS-ə deyib ki, Azərbaycanın milli valyutasın qoruyucu vasitələri dünyanın aparıcı valyutalarından heç də geridə qalmır.

Ekspert qeyd edib ki, Azərbaycanda qısa müddət ərzində dövriyyədəki saxta pullar müəyyən olunur: "İlk dəfə deyil ki, saxta pullar dövriyyəyə buraxılır. Müxtəlif ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə, elə Azərbaycanda da rast gəlinən haldır. Belə hadisələr həmişə baş verir. Amma təcrübəyə əsasən, birmənalı şəkildə söyləmək mümkündür ki, saxta pulun dövriyyədə uzun müddət qalması mümkün deyil. Yəni gec-tez dövriyyədəki saxta pullar müəyyənləşir. Bu və ya digər şəraitdə onlar dövriyyədən kənarlaşır. Bundan başqa, hər bir ölkənin milli valyutasının öz qoruyucu, onu mühafizə edən vasitələri və elementləri var. Bu, milli valyutalar arasında fərqli şəkildədir. ABŞ dolları mühafizə vasitələri, elementləri, yəni onun saxta puldan seçməyə imkan verən əlamətləri baxımından dünyada ən yüksək səviyyədə təmin olunmuş milli valyuta sayılır. Azərbaycanın milli valyutası da mühafizə orijinallığına, elementlərin sayına, qoruyucu vasitələrinə görə dünyanın aparıcı valyutalarından geridə qalmır".

P.Heydərov bildirib ki, bu məsələ ilə bağlı ciddi bir narahatlığa əsas yoxdur: "Türkiyədəki hadisəyə gəldikdə, qeyd edək ki, dünyada ən çox saxta pul vahidləri dollar üzrə müəyyən olunur. Ona görə ki, ABŞ dolları dünyada aparıcı valyutadır. ABŞ-dən kənarda dövriyyədə dollar kütləsi fırlanır. Ona görə də dollar üzrə saxta pul vahidlərinin geniş yayılması başadüşüləndir. Onların aşkarlanması, tez üzə çıxarılması istənilən halda qaçılmaz xarakter daşıyır. Azərbaycanda da belə hallar istər ABŞ valyutası, istər milli valyutamız üzrə dəfələrlə qeydə alınıb. Bu cür halların yenə baş verməsi gələcəkdə də istisna deyil. Xüsusən də Azərbaycanda belə halların daha tez aşkar olunub üzə çıxarılması, müəyyən edilməsi qaçılmazdır. Ona görə də bu məsələ ilə bağlı ciddi bir narahatlığa əsas yoxdur".

Qeyd edək ki, bu günlərdə Hacıqabulda bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etməkdə şübhəli bilinən şəxslər həbs olunub.

Ayşən Azadova