Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Təhsil sahəsində ciddi dəyişikliklər olacaq – COP29-dan sonra...

“COP29-un Azərbaycanın təhsil sahəsinə və gələcək nəsillərə müsbət mənada böyük təsiri olacaq”.

Bunu TNS-ə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov TNS-ə deyib.

Onun fikrincə, bu qlobal iqlim tədbirinin ölkəmizdə keçirilməsi, təkcə ətraf mühitlə bağlı məsələlərdə deyil, həm də sosial və iqtisadi sahələrdə dərin dəyişikliklər yaratmaq potensialına malikdir: “COP29-dan sonra Azərbaycanın təhsil sistemində iqlim dəyişikliyi ilə əlaqədar davamlı inkişaf məqsədləri və ekoloji dəyərlərin aşılandığı yanaşmanın tətbiqi daha aktual olacaq. Azərbaycan təhsilinə başlıca olaraq, ətraf mühitin qorunması və ekoloji şüurun inkişafı istiqamətində yeniliklərin gətirilməsi vacibdir. Bu, ilk növbədə dərs proqramlarında ekoloji təhsilin genişləndirilməsi ilə mümkün ola bilər. Şagirdlərin iqlim dəyişikliyinin fəsadlarını, ətraf mühitin qorunmasının vacibliyini öyrənməsi üçün təlim proqramlarında iqlim və ekoloji biliklərə daha çox yer verilməlidir. Fənlərə bu mövzuların daxil edilməsi şagirdlərin kiçik yaşlardan başlayaraq, ekologiya haqqında məlumatlı olmasına və ekoloji şüurun inkişafına kömək edəcək”.

K.Əsədov vurğulayıb ki, məktəblərdə STEAM tədris metodikasına daha çox diqqət ayrılmalı, bu yanaşma çərçivəsində tədris edilən texnologiya və təbiət elmləri sahələrinə ekoloji yanaşma inteqrasiya edilməlidir: “Şagirdlər yalnız texnoloji biliklər deyil, həm də texnologiyanın mühitə təsiri, təbiətin qorunmasına yönəlmiş yenilikçi həllər və yaşıl texnologiyalar haqqında məlumat almalıdırlar. Bununla gələcəyin mühəndisləri və elm adamları ekoloji cəhətdən məsuliyyətli bir şəkildə yetişdirilə bilər.

Təhsil müəssisələrində enerji effektivliyi, suyun israfının qarşısının alınması və tullantıların idarə olunmasına həsr edilmiş tədbirlər həyata keçirilməlidir. Belə infrastruktur dəyişiklikləri yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan faydalı olacaq. Şagirdlər və tələbələr bu dəyişiklikləri müşahidə edərək ekoloji həyat tərzini daha yaxşı qavraya biləcəklər.

Təhsil sahəsində dəyişikliklərdən biri də müəllimlərin, təhsil işçilərinin iqlim dəyişikliyi və ekoloji təhsil mövzusunda biliklərinin artırılması olmalıdır. Müəllimlərə davamlı inkişaf və ekoloji biliklər sahəsində təlimlər keçirilməli, onlar şagirdlərə və tələbələrə ekoloji cəhətdən məsuliyyətli davranışları öyrətməkdə daha hazırlıqlı olmalıdırlar. Müəllimlərin özləri də ətraf mühitə həssas yanaşaraq, təhsil prosesində yaşıl davranışları nümunə göstərməlidirlər. Müəllimlərin ekoloji bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər, kurslar və seminarlar təşkil edilməlidir”.

k-esedov

Kamran Əsədov bildirib ki, Azərbaycanın təhsil sistemində dəyişikliklər yalnız biliklərin verilməsi ilə məhdudlaşmamalıdır: “Şagirdlərə, tələbələrə ətraf mühitə dair məsuliyyətin aşılanması üçün müxtəlif layihələr və sosial təşəbbüslər həyata keçirilməlidir. Məsələn, təhsil ocaqları yaşıllaşdırma, ağacəkmə kampaniyaları, tullantıların azaldılması, təkrar emal ilə bağlı təşəbbüslər göstərməlidir. Bu fəaliyyətlər gənclərdə təbiətə qarşı sevgi və məsuliyyət hissini daha da gücləndirəcək. Gələcək nəsillərin təhsilində iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktiki biliklərin önəmi artacaq. Şagirdlər yalnız nəzəri biliklər deyil, ekoloji problemləri həm də öz həyatlarında həll etmə bacarıqlarını qazanmalıdırlar. İqlim dəyişikliyinə qarşı mübarizədə hər bir fərdin kiçik də olsa, rol oynadığını dərk edən nəsil yetişdirilməlidir. Bunun üçün ətraf mühitə uyğun layihə əsaslı tədris metodikaları tətbiq edilməli, şagirdlərin fərdi olaraq yaşıllaşdırma, suya və enerjiyə qənaət kimi tədbirlərdə iştirakı təşviq olunmalıdır”.

Ekspert qeyd edib ki, təhsil sahəsində dəyişikliklərin təsirini uzun müddət ərzində hiss etmək mümkün olacaq: “COP29-dan sonra Azərbaycanın təhsil sistemi ekoloji cəhətdən məsuliyyətli və davamlı inkişaf dəyərlərinə uyğun yenilənərsə, bu, gələcək nəsillər üçün mühüm bir miras olacaq. Gənclər bu biliklərlə təchiz olunduqca, ətraf mühitə daha həssas, gələcəkdə öz cəmiyyətinə və dünyaya faydalı olan bir nəsil formalaşacaq. Bu nəsillər yalnız öz ölkəsinin deyil, həm də planetimizin gələcəyi üçün məsuliyyətli qərarlar qəbul edə biləcək”.

Ekspert bildirib ki, COP29-un təsiri ilə Azərbaycan təhsilində baş verə biləcək dəyişikliklər ölkəmizin davamlı inkişaf yolunda irəliləməsinə və ekoloji dəyərlərə daha çox dəyər verməsinə təkan verəcək: “COP29, həmçinin ölkəmizi beynəlxalq ekoloji təşəbbüslərdə lider mövqeyə çıxara və bu sahədə güclü, dayanıqlı təhsil sistemi yaratmaq üçün nümunə ola bilər. Bu dəyişikliklərin hər biri Azərbaycanın gələcəyi üçün yeni imkanlar açacaq və ekoloji cəhətdən şüurlu bir cəmiyyətin formalaşmasına kömək edəcək”.

Ayşən Azadova