Close

19:45
03 Noyabr 2024
19:30
03 Noyabr 2024

İşdən çıxarıldı, həbs edildi, öldürüldü - Nə baş verir?

Bu gün mediada cinayət motivli, aqressiv mesaj ötürən xəbərlər daha çox oxunur. Çox zaman bu məsələnin səbəbkarı kimi media və ya sosial şəbəkələr hədəf götürülür. Buna o tip xəbərlərin çox tirajlanmasının səbəb olduğu irəli sürülür.

Digər tərəfdən sual yaranır ki, bu cür xəbərlərlə paralel yayımlanan və faydalı ola biləcək məlumatlar nə üçün oxucunun diqqətini cəlb etmir?

Mövzu ilə bağlı suallarımızı mütəxəssislər cavablandırıb.

Psixoterapevt Elmir Əkbər TNS-ə açıqlamasında bu cür xəbərlərin qeyri-peşəkarlar tərəfindən yazılmasının və yayılmasının təhlükəli olduğunu vurğulayıb: “Təəssüf ki, bu gün aqressiya saçan, kriminal mövzulu xəbərlərə baxış sayı çox yüksək olur. Elə ona görə də bir çox sayt, sosial şəbəkə səhifəsi bu tip xəbərləri tirajlamağa üstünlük verir. Bu cür xəbərləri qeyri-peşəkarlar yazanda çox neqativ nəticələr verə bilər. Biri var ki, belə xəbərləri işinin peşəkarı olan bir insan cəmiyyətə doğru şəkildə təqdim edir. Biri də var ki, kim hansı formada istəsə, yayır. Bu addım şüuraltı cinayətə meyilli insanların cinayət istəyini oyada bilər. Eyni zamanda, bu tip xəbərlər emosional baxımdan daha “ədviyyatlı” xəbərlər hesab olunduğuna görə o dəqiqə insanların diqqətini cəlb edir. İstər-istəməz insan hər hansı bir cinayət hadisəsi haqqında eşidəndə yaxınları, sevdikləri üçün narahat olur. Həmin dəqiqə nə baş verdiyinə baxmaq daha çox özünü necə qorumaq instinktindən də yaranır. Ona görə də bəzi insanlar bu amillərdən istifadə edərək insanların şüuraltına lazımsız, eyni zamanda zərərli informasiya ötürürlər”.

Mütəxəssis bildirib ki, bu cür xəbərləri oxumaq, xüsusilə yeniyetməlik və ilkin yaş dövrü üçün daha təhlükəlidir: “Bu cür xəbərlər artdıqca gənclər və yeniyetmələr arasında cinayət hallarının, hətta qətllərin artdığı müşahidə olunur.

Ona görə də bu məsələlər mümkün qədər nəzarətə götürülməlidir və qeyri-peşəkarların belə xəbərləri yaymasına icazə verilməməlidir”.

Sosioloq, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Ağasəlim Həsənov isə TNS-ə Azərbaycanda fərdlərarası ünsiyyətdə, qarşılıqlı münasibətdə və s. kifayət qədər gərginliyin olduğunu bildirib. Bu gərginliyin sosial-iqtisadi, sosial-psixoloji səbəbləri ola biləcəyini deyən sosioloq insanların neqativ xəbərlərə üstünlük verməsini belə izah edib: “Cəmiyyət bütövlükdə sosial-psixoloji gərginlik içərisindədir. Belə bir cəmiyyətdə isə fərdlərin yaşadığı sosial mühitə uyğun maraq dairələri formalaşır. Sosial-psixoloji gərginlik içində olan şəxs televiziyada, sosial şəbəkədə hansısa bir bədii, düşündürücü, fəlsəfi mövzuları deyil, cinayətlərlə bağlı olanları daha çox izləyəcək. Yəni, aqressiv tipli xəbərlərin çox oxunması yaşadığımız toplumda olan sosial-psixoloji gərginliyin göstəricisidir. Bu, davranışlardakı aqressivliklə bağlıdr. Qeyd etdiklərim problemlə bağlı lakonik cavabdır”.

A. Həsənov qeyd edib ki, əgər məsələni dərindən, elmi şəkildə incələsək, ölkəmizdə fərdlərarası münasibətlərdə olan gərginliyin bir çox səbəbinin olduğunu deyə bilərik: “Toplumda sosial-psixolji gərginliyin yüksək olması cəmiyyətdə fərdlərarası münasibətlərdə olan mövcud qaydaların zəif işləməsi ilə bağlıdır. Deyək ki, hansısa fərd inzibati xəta, cinayət törədir. Ola bilsin ki, bunun qarşılığında həqiqi cəzasını almır və alternativ yolla bəraət ala bilir. Bu da ümumi cəmiyyətin qayda-qanunla yaşamaq düşüncəsinə neqativ təsirlər göstərir. Yəni, cəmiyyət içində aqressiv münasibətin yaranmasının həm hüquq, həm əxlaq, həm də psixoloji-sosial, iqtisadi amillərlə birbaşa əlaqəsi var. Bütün bunlar çox geniş araşdırma tələb edən məsələlərdir”.

Aygün İbrahimli