Məktəb və iş yerləri necə dezinfeksiya edilməlidir? - AÇIQLAMA
Məlum olduğu kimi, təlim-tədris müddətində məktəblərdə, eləcə də müxtəlif iş yerlərində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xüsusilə, koronavirus pandemiyasından sonra daha çox diqqət ayrılan bu prosesin aparılması hər zaman üçün aktualdır. Təəssüf ki, bəzi hallarda dezinfeksiyadan sonra zəhərlənmə halları da yaşana bilir.
Qeyd edək ki, bu tədbirlər dövlət və müxtəlif özəl müəssisələr tərəfindən də həyata keçirilir.
Bəs, təhsil müəssisələrində dezinfeksiya tədbirləri zamanı problemlərin yaranmaması üçün hansı qaydalara əməl olunmalıdır?
Məsələ ilə bağlı TNS-in sorğusu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən cavablandırılıb.
Qurumdan verilən məlumatda bildirilib ki, məktəbəqədər və ümumtəhsil müəssisələrində profilaktik dezinfeksiya, deratizasiya tədbirlərinin aparılması vacibdir: “Bu tədbirlər müqavilələr əsasında dövlət və ya özəl müəssisələr tərəfindən aparıla bilər. İstifadə olunan kimyəvi dərman preparatları ölkə daxilində lisenziyalaşdırılan olmalıdır. Aparılan tədbirlərə mütləq həkim (epidemioloq) nəzarəti olmalıdır. Tədbirlərin aparılması zamanı və sonra 2 saat ərzində digər şəxslərin qapalı məkana daxil olmasına yol verilməməlidir. Dezinfeksiya işləri apardıqdan 2 saat sonra səthlər, avadanlıq nəm dəsmal ilə silinməli, səthdən yaxma götürülməklə laborator müayinələr aparılmalıdır”.
Aygün