İkili diplom təklif edən universitetlər – Şərtlər və qiymətlər necədir?
Azərbaycanda ali məktəblərə ixtisas seçimi davam edir. Proses avqustun 19-da başa çatacaq. Artıq bir çox abituriyent öz seçimini edib, amma tam qərar verməyənlər də az deyil. Məlumdur ki, Azərbaycanda bəzi universitetlər tələbələrinə ikili diplom proqramları təklif edir.
Bu proqram yalnız dövlət sifarişli ilə təhsil alacaq olanlar üçün keçərlidir, yoxsa ödənişli təhsil alanlar da siyahıya daxildir?
Mövzu ilə bağlı TNS-ə təhsil üzrə ekspert Kamil Məmmədov məlumat verib.
O bildirib ki, ikili diplom proqramı təklif edən universitetlər bu imkanı həm də ödənişli ixtisasda təhsil alacaq tələbələr üçün təklif edir: “İkili diplom təklif edən dövlət ali məktəblərində təhsil haqqı təxminən 2000 min manata yaxındır. Məlumdur ki, Türkiyə-Azərbaycan Universitetində qəbul ancaq dövlət sifarişi ilə aparılacaq. Gəncə Dövlət Universiteti və ADA Universitetində (söhbət ADA-nın tərkibində olan İtaliya-Azərbaycan Universitetinindən gedir) bu cür ixtisaslar ancaq ödənişli olacaq. Digər universitetlərə isə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul olmaq olar”.

Mütəxəssis bildirib ki, istər-istəməz bu cür ixtisasların balları yüksək olur, çünki ikili diplom verilir: “İkili diplom təqdim edən universitetlər arasında ən yüksək təhsil haqqı İtaliya-Azərbaycan Universitetindədir. Təhsil haqqı 6 min manatdır. Özəl universitetlərin arasında isə ikili diplom təklif edən yalnız Azərbaycan Universitetidir”.
İkili diplom proqramı təqdim edən universitetlərin siyahısını təqdim edirik:
1. Azərbaycan Memarlıq və İnşaat Universiteti:
- İnşaat mühəndisliyi- İstanbul Texniki Universiteti ilə.
- Elektrik və elektronika mühəndisliyi- Ankara Universiteti ilə.
2. Azərbaycan Dövlət İqtisad Universiteti:
- Qida mühəndisliyi - Ege Universiteti ilə.
3. Azərbaycan Texniki Universiteti:
- Elektrik və elektronika mühəndisliyi ixtisası - Qazi Universiteti ilə.
- Kompüter mühəndisliyi ixtisası - Ankara Universiteti ilə.
4. Türkiyə-Azərbaycan Universiteti:
- Kompüter mühəndisliyi - İstanbul Texniki Universiteti ilə.
- Qida mühəndisliyi - Hacettepe Universiteti ilə.
- Sənaye mühəndisliyi - Orta Doğu Texniki Universiteti ilə.
5. Azərbaycan Universiteti:
- Kompüter mühəndisliyi - Xarkov Milli Radioelektronika Universiteti ilə.
6. Gəncə Dövlət Universiteti:
- İqtisadiyyat, tarix, biologiya - 9 Eylül Universiteti ilə.
7. ADA Universitetinin tərkibində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti:
- Elektrik və elektronika mühəndisliyi - İtaliyanın Turin Politexnik Universiteti ilə.
8. Naxçıvan Dövlət Universiteti:
- İqtisadiyyat ixtisası üzrə 10 tələbə - Çankırı Karatekin Universiteti ilə.
9. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti:
- Aktyor sənəti - Şimali Kiprin Arkın Universiteti ilə.
10. Azərbaycan İdman Akademiyası:
- Məşqçilik - Rusiyanın Povoljye və Türkiyənin Akdeniz Universiteti ilə.
Aygün