Close

Süni uşaq qidalarının hamısı eynidir – Analar doğumu “zerkalnı” tarixə yazdırırlar

Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirilir.

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan Ümumdünya Ana Südü Həftəsi Azərbaycanda da keçirilir.

Körpələr üçün ana südü ilə qidalanmanın əhəmiyyəti nələrdir? Ölkəmizdə bu sahədə vəziyyəti necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı TNS-ə danışan tanınmış pediatr Vaqif Qarayev ana südünün körpələr üçün əvəzedilməz qida vasitəsi olduğunu deyib: “Bunu bəşəriyyət kəşf etməyib, təbiətin öz qanunudur. Çünki ana südünün tərkibində yeni doğulan körpənin həm fiziki, həm psixi baxımdan sağlam böyüməsi üçün bütün zəruri inqridiyentlər var. Uşaq doğulduqdan sonra ananın döşündə olan, “Ağız südü” adlanan ən keyfiyyətli süddür. İlk gündən körpə gərək həmin “ağız südü”nü qəbul etsin ki, bağırsaq immuniteti, ümumillikdə uşaq orqanizminin immuniteti güclənsin. Çünki bu südün tərkibində immuniteti gücləndirən inqridiyentlər var. Əgər uşağımızın fiziki baxımdan sağlam böyüməsini, xəstəliklərə müqavimətinin normal olmasını, son vaxtlar körpələrlə bağlı çox aktual olan psixi defektlər, psixi inkişafdan geriqalma hallarının olmamasını istəyiriksə, uşağa ana südü verməliyik. Ən azından körə 6 ayına kimi ana südünü qəbul etməlidir. İlk 6 ayında körpənin çəki artımı normal olmalıdır. Çəki normaldırsa, demək uşaq böyüyür. Bunun da olması üçün ana südü mütləqdir. Bu gün hamı immunitet dərmanı axtarır. Ən yaxşı immunitet dərmanı ana südüdür”.

Pediatrın sözlərinə görə, ölkəmizdə ana südü ilə qidalanmanın əhəmiyyətinə dair həftə keçirsək də, hətta bütöv bir ili ana südü ilə qidalnmanın əhəmiyyətinə həsr etsək də, müsbət nəticə alınmır: “Təxminən 20 il əvvəl ana südü çatışmazlığı var idi. Analarda süd yox idi. Amma son vaxtlar vəziyyət dəyişib, süd var.

Bəs, niyə körpələrə ana südü verilmir?

Bu məsələ ilə bağlı müzakirə gedəndə media təmsilçiləri və s. birmənalı şəkildə həkimləri günahlandırırlar. Həkimlərin əlavə uşaq qidası təyin etdiyi deyilir.  

Bu cür qalmaqallı fikirlərlə anaları maarifləndirə bilmərik. Jurnalistlər və həkimlər gərək anaları maarifləndirsin. Günahı həkimdə görə bilərik. Amma bala mənimdir, südü mən verməliyəm. Həkim nə istəyirsə, deyə bilər, mən nəyə görə südü verməyim? Bəli, həkimlərdə günah var, amma bu, sistemli şəkildə deyil. Sistemli şəkildə anaların günahıdır.

Ana soruşur ki, yeni dünyaya gələn körpəyə hansı qidanı (smes) verim? Soruşursan, südünün olduğunu deyir. Süd olduğu halda, niyə süni qida verdiyini soruşanda “hamı verir, mən də verirəm”, - deyir. Bu “hamı” məsələsi sosial şəbəkələrdən qaynaqlanır. İnternet əla vasitədir. Nə qədər desən, faydalı məlumatlar var. Amma problem ondadır ki, bizdə körpə uşaq kimi hamı internetdə pis nə yazılırsa, kütəvi şəkildə ona yönəlir”.

Körpələrə ən azı iki saatın içində ana südü verilməlidir...

Həkim bildirib ki, doğum evində uşaq doğulandan ən çoxu bir-iki saat sonra, əgər ananın sağlamlığı imkan verirsə, körpə ananın döşünə qoyulmalıdır: “Ana ilk hamiləyindən sonra süd verməyə həm fizioloji, həm də psixoloji hazır olmaya bilər, amma həkimlər onu hazırlamalıdır.

Bəzi xəstəxanlarda uşaq doğulan kimi smesi yanında olur.

Hansı səbəblə bunu verirlər?  Ananın körpəni öz südü ilə qidalandırmasına imkan vermirlər. Bu baxımdan bəzi anaları qınamaq istəmirəm. Amma dediyim kimi, həkim-xəstəxana faktoru sistemli deyil. Mən hər zaman analara deyirəm ki, internetdə axtarış verin. Maarifləndirici məlumatlar tapın və faydalanın. Amma bir problem də var ki, Azərbaycan dilində normal maarifləndirici portal yoxdur. Materialları başqa dillərdə tapmaq olur. Türk, rus, ingilis dilində çox materil var. Ana südü ilə qidalanmanın əhəmiyyəti, yaranan problemlərlə bağlı sistemli, elmi mənbələr olmalıdr. Bunlar olmadığına görə internetlə nəfəs alan analar “hamı” faktorundan istifadə edir”.

Ana südü verməməyin qeyri-ciddi səbəbləri...

V.Qarayev bəzən ana südü verməməyin qeyri-ciddi qəbul etdiyi səbəbləri olduğunu da vurğulayıb. Bu barədə geniş danışmaq istəməyən həkim bir neçə məsələni vurğulayıb: “Bədən formasının qorunması, çəki almamaq üçün normal qidalanmadan imtina və s.

Bəs, bu halda körpənin, sənin balanın vəziyyəti necə olacaq?

Rəhmətlik pediatr Nəsib Quliyevin bir ifadəsi var idi.

-Heç bir canlı balasına öz südündən başqa yem vermir, amma insan bunu edir.

Bu, çox düzgün müşahidədir. Yalnız süd olmadığı halda, uşaq ac qalmasın deyə, başqa qidalar vermək olar”.

Ana südü olmadığı halda, süni qidanın yerinə inək və ya keçi südünün seçilməsinin doğru-olub olmadığına gəlincə pediatr bildirib ki, əvvələr heyvan südü verilən uşaqlar daha sağlam olurdu: “Mənim gənclik illərimdə körpələrə camış, inək südü verirdilər. Paradoksal vəziyyətdir ki, o uşaqlar indikilərdən daha sağlam olurdu.

İndi müxtəlif firmaların süni qidaları var. Üstünü oxuyanda fikirləşə bilərsən ki, çox əladır. Amma əslində, hamısı eynidir”.

Həkim xatırladıb ki, ana südü ilə qidalandırmanın ana üçün faydası var: “Uşağa süd vermək anaları bəzi onkoloji problemlərdən qoruyur, sığortalayır.

Son vaxtlar qeysəriyyə əməliyyatları trend olub. Dünyada bizim qədər bu məsələdə küyə qoşulan ikinci bir toplum tapmaq çətindir. Həkim təyinatı ilə olan əməliyyatları bir tərəfə qoyaq. Amma doğumu növbəyə, “zerkalnı” tarixlərə yazdıran insanlar var. Hamiləlik üçün təbiətin qoyduğu vaxt var. Bundan tez əmliyyatla uşağı götürürlər və nəticədə ananın südü olmur. Təbii doğumla dünyaya gələn uşaqların bağırsaqları birmənlı olaraq, normal işləyir. Əməliyyatla doğulanlarda isə bağırsaq problemli olur. Əlavə süni qidalar da verdikdə vəziyyət qarışır”.

Aygün