İxtisas seçimi çox önəmlidir – Bəzən yüksək bal toplayan abituriyent kənarda qalır
Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarını yekunlaşdırıb. Qəbul imtahanını uğurla başa vuran abituriyentlərin qarşısında duran növbəti mərhələ düzgün ixtisas seçimi etməkdir. Sonuncu imtahanların nəticələri elan olunduqdan sonra ixtisas seçminə start veriləcək.İxtisas seçimi abituriyentlər üçün ən vacib mərhələlərdən biridir.
Seçim zamanı diqqət edilməli ən vacib məqamlar hansılardır?
Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bir sıra məqamalara diqqət çəkib: “İxtisaslaşma dövrü imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdırlar. Seçim özbaşına verilən qərarla edilməməlidir. Bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisaslaşma seçimidir. Nəzərə alaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, hardasa 70-80 faiz imtahan verənin hədəfidir. Digərləri isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar”.
Təhsil mütəxəssisi vurğulayıb ki, proses zamanı valideynlərin çoxu övladlarının topladığı baldan yüksək ixtisasları seçirlər: “İxtisas seçimi etmək istəyən valideynlərin böyük bir hissəsi övladlarının daha prestijli və perspektivli ixtisaslara qəbul olmasını istəyirlər. Halbuki uşağının topladığı bal həmin ixtisaslara qəbul olmaq üçün kifayət etmir. Bu sahələri ixtisas seçimində yazdıqda nəticə heç də ürəkaçan olmur, abituriyent kənarda qalır. Seçim edərkən mütləq dövrün tələbi nəzərə alınmalı, hansı ixtisaslara ehtiyac varsa, o ixtisaslar da seçilməlidir. Plan yeri üzrə müraciət edənlərdən demək olar ki, 5-10 min abituriyent öz ixtisası üzrə təhsil ala bilir, yerdə qalan abituriyentlər isə düzgün seçim etmədiyi üçün fərqli ixtisaslara sahib olurlar. Bəzən o ixtisasdan imtina edirlər, oxumaq istəmirlər”.
E. Əfəndi diqqət yetirilməli məqamlar arasında plan yerlərini, illik təhsil haqqını, məsafə fərqi üçün universitetin yerləşdiyi məkanı və s. vurğulayıb.
Aygün