Close

12:20
27 İyul 2024

3909 nəfər müəllimlikdən uzaqlaşdırılacaq – Onlara qarşı humanist addım atılacaq

Bu il iyunun 8-də 2023-cü ildəki sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.

Xatırladaq ki, 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur.

Müəllimlərin zəif nəticə göstərməsi yalnız onların özlərini iş prosesindən kənarlaşdırmır, həm də cəmiyyətdə narahatlıq yaradır.

Necə olur ki, ötən bir il ərzində müəyyən təlimlərə cəlb olunan, hazırlaşan müəllimlər yenidən lazım olan nəticəni göstərə bilmir?

Mövzu ilə bağlı TNS-ə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə sertifikatlaşdırma prosesindən daha yüksək nəticə gözlədiyini bildirib: “Müəllimlərin sertifikatlaşdırılması dünyanın hər yerində həyata keçirilir. Məqsəd peşəkarlıq səviyyəsini müəyyən etməkdir.

Ölkəmizdə də son iki ildə bu prosesə başlanılıb. Mən sertifikatlaşdırma prosesindən daha yüksək nəticələr gözləyirdim. Çünki Azərbaycan müəllimi hər zaman özünün peşəkarlığı ilə fərqlənib. Lakin keçən il aparılan sertifikatlaşdırma imtahanından xeyli sayda müəllim lazım olan balı toplaya bilmədi və nəticədə bu il təkrar sertifikatlaşdırmadan keçdilər. Təəssüf ki, nəticələrdən yenə razı deyiləm. Çoxlu sayda müəllim lazım olan balı yığa bilmədi. Müəllimin bir il müddətində hazırlaşmaq imkanı olduğu halda, sertifikatlaşma imtahanından aşağı nəticə göstərməsi təəccüblüdür. Həmin müəllimlər müəllimlik fəaliyyətindən kənarlaşdırılacaq. Bunu ürək ağrısı ilə deyirəm. Bu, məqsədəuyğun deyil. Amma bu da məqsədəuyğun deyil ki, lazımi peşəkarlıq və bilik səviyyəsi olmayan insanlar uşaqlara dərs desinlər. Biz bu gün süni intellekt dövründə yaşayacaq insanlar yetişdiririk. Belə insanları savadlı müəllimlər yetişdirə bilər”.

Hikmət Əlizadə imtahandan keçə bilməyən müəllimlərə qarşı humanist davranılacağını da vurğulayıb: “Sertifikatlaşdırmada lazım olan nəticəni göstərə bilməyən müəllimlərə qarşı humanist addım atılacaq. Birinci sertifikatlaşmadan sonra ikinci şansın verilməsi də humanist addım idi. İndi də onlar yenidən hansısa işlə təmin ediləcəklər. Prosesin necə aparılacağı hələ dəqiq olmasa da, onlara gələcəkdə müəllim işləmələri üçün yenidən şans da veriləcək. Hər halda müəllimlərə güzəştlər ediləcək, başqa işlə təmin olunacaqlar”.

Şura sədri müəllimlərə müraciət də ünvanlayıb: “Buradan müəllimlərə səslənirəm. Müəllim öz üzərində daim çalışmalıdır. Dərs dediyiniz fənn üzrə yeni biliklər əvvəllər ilbəil artırdısa, indi hər saat artır. Müəllim daim öz üzərində çalışmazsa, biz şagirdləri gələcək üçün lazım olan səviyyədə yetişdirə bilmərik. Ay müəllimlər, xahiş edirəm, öz üzərinizdə ciddi hazırlaşın. Verilən suallar o qədər çətin deyil. Bildiyimə görə, həmin suallar bilavasitə tədris proqramından götürülüb. Tədris proqramını isə müəllimlər dərsdə keçirlər. Yəni, siz o suallar üzərində fənni tədris edirsiniz. Necə ola bilər ki, tədris etdiyiniz fənlə bağlı sualı bilməyəsiniz?”

Müsahibimiz müəllimlərin həyəcan keçirmələri ehtimalına da diqqət çəkib: “Müəllimlərin imtahan prosesində həyəcan keçirmələri mümkündür. Amma bu, o qədər aşağı nəticə göstərməyə səbəb olmamalı idi. Müəllim özünü ələ almalıdır. Müəllim özünü imtahan prosesində itirirsə, o zaman onların yetirmələri dərs danışanda, imtahan verəndə necə davrana bilər? Hansı nümunəni göstərirlər? Vaxtilə SSRİ-nin ən yaxşı müəllimləri sırasında Azərbaycan müəllimləri öndə durub. Düşünürəm ki, sertifikatlaşdırma prosesi müəllimlərin məsuliyyətini artıracaq və onlar yaxın gələcəkdə öz üzərlərində daha ciddi hazırlaşacaqlar. Bunu da vurğulamaq lazımdır ki, sertifikatlaşdıma iki istiqamətdə əhəmiyyətlidir.

Nəticəsi aşağı olan müəllimləri pedaqoji prosesdən uzaqlaşdırır, yüksək nəticə göstərən müəllimlərin karyerasında yeni bir yol açılır. Həmin yol müəllimləri stimullaşdırmalıdır”.

Aygün İbrahimli