Close

17:50
19 İyun 2024

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

15-17 may 2024-ci il tarixlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin 4 ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.

Nazirlər Kabinetindən TNS-ə verilən xəbərə görə, müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak edib.

Müşavirədə 2023-cü il və cari ilin 4 ayı üzrə monitorinq hesabatları təqdim olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.

Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, aparılan quruculuq işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi və əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.

Müşavirədə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə də müzakirələr aparılıb.

Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.