Close

Bəzi bölgələrə qar yağıb, Bakıda şimal-qərb küləyi güclənib - YENİLƏNİB

Mayın 17-si saat 21:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

TNS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarada arabir yağış, Şahdağda isə qar yağıb.

Sarıbaşda (Qax) saat 16:38-16:40-da və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

15:55

Mayın 17-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Daşkəsən, Gədəbəy, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Xınalıq, Şahdağ, Qrızda arabir qar yağıb.

Daşkəsən rayonuna saat 13:55-13:59 radələrində diametri 16 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 7-12 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta qeydə alınıb.