Close

Balıq və kürü istehsalı azalır - Güclü nəzarət olmasa...

İlin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz və ya 36,9 kq azdır. 2023-cü ilin yanvar-mart aylarında ölkədə 140 kq qara kürü istehsal edilib.

Ümumiyyətlə, hazırda ölkədə balıq ehtiyatı ilə bağlı vəziyyət necədir?

Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov TNS-ə balıq ehtiyatının ciddi şəkildə azalmasından və problemin səbəblərindən danışıb: “Azərbaycanın balıq ehtiyatı əsasən, Xəzər dənizi və daxili su hövzələrindədir. 2006-cı ildən bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox enib. Şirin sularda (Mingəçevir, Varvara, Şəmkir və s.) ekoloji şəraitin dəyişməsi ilə yanaşı,  antropogen amillərin güclü müdaxiləsi var. Xəzər dənizində yaşayıb, burda çoxalan balıqlarla bağlı elə ciddi problem yoxdur. Amma dənizdə yaşayan, kürüləmək üçün çaylara gedən balıqlarla bağlı problemlər var. Həmin balıqların kürüləmə yeri Xəzərin sahilyanı sularıdır. Çəkilmə nəticəsində dəniz sahildən uzaqlaşdığı üçün balıqların kürüləmə yeri olan bitkilər sudan kənarda qaldı və kürüləmə yerləri sıradan çıxdı. Qızıl balıq-nərəkimilər kürü tökmək üçün Kür çayına gedir. Orada su hər zaman istənilən səviyyədə olmur. Olanda da Mingəçevir bəndinə dəyib qayıdır. Əvvələr həmin balıqlar Gürcüstan tərəfə kimi keçib gedə bilirdi. Ona görə hazırda keçici və yarımkeçici balıqlarla bağlı ciddi problemlər yaşanır”.

Mütəxəssis bildirib ki, Mingəçevir, Yenikənd kimi su anbarlarında balıqların çoxalması suyun səviyyəsindən yox, ovlanma problemindən asılıdır: “Balıqların ovlanmasına güclü nəzarət olmalı, planlı şəkildə aparılmalıdır. Balıqları ilboyu ovlamaq olmaz. Müəyyən yaş qrupu var. 3 yaşında cinsi yetişkənliyə çatan balıq tutulub yeyilirsə, bu balıq necə çoxala bilər? Kürü tökən zaman ovlamaq olmaz. Balığı ancaq kürüləmədən sonra ovlamaq məsləhətdir. Kürülü balığı ovlamaqla həm balığı, həm də kürünü məhv etmiş olurlar.

Ovlama ilə bağlı qadağalar qoyulsa da, əməl olunmur. Söhbət həvəskar balıqçılıqdan getmir. Rəsmi icazə - lisenziya alırlar. Deyək ki, 10 kq tutmağa icazə verilirsə, gedib 100 kq tuturlar. Onsuz da balıqlar tükənir. Güclü nəzarət olmasa, bundan sonra yerdə qalan balıqlar da əlimizdən çıxacaq. Balıqların ancaq cavan fərdləri qalıb. Çünki tor qururlar balacalar çıxır, iriləri torda qalır və ovlanır. Nəticədə növbəti il kürü tökmək üçün balıq qalmır”.

S.Süleymanov vurğulayıb ki, Xəzərin və çayların çirkləndirilməsi də balıqların azalmasına səbəb olur: “Bakı şəhərinin çirkli suları Xəzər dənizinə tökülür və təmizlənmir. Eləcə də rayonlardakı çaylara. Gürcüstan şəhərlərinin kanalizasiya suları Kür çayına tökülür. Suyun səviyyəsi azalanda çirklənmənin faizi daha da yüksəlir. Bütün bu problemlərə qarşı görülməli olan tədbirlər isə kağız üzərində qalır, əməl olunmur”.

Aygün İbrahimli