Close

Azərbaycanın bu təbii sərvətləri məhv ola bilər

Dünyada 3500-dən çox endemik bitki növü mövcudur. Azərbaycan flora növlərinin ümumi sayına görə, Cənubi Qafqazın ən zəngin ölkəsidir. Ölkəmizdə bitən bitki növləri Cənubi Qafqazdakı bütün bitki növlərinin 66 faizini təşkil edir. Ölkədə yayılmış 4500 ali bitki növündən 240-ı Azərbaycan, 920-i isə Qafqaz üçün endemik növlərdir.

Endemik növlər yerləşdiyi regionun ekoloji şəraitinə uyğunlaşaraq, həmin ərazi üçün səciyyəvi olan və dünyanın başqa yerində yayılma ehtimalı olmayan bitki növləridir. Bunların çoxu nadir və nəsli kəsilməkdə olan növlər kimi “Qırmızı kitab”a daxil edilib.

Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılıb. Bu gün dünyada dərman bitkilərinin süni şəkildə yetişdirilməsi, yaxud da bitdiyi ərazidə daha çox becərilərək istifadə olunması genişləndiyi halda, ölkəmizdə təbii yolla bitən bu cür bitkilərdən lazımi şəkildə istifadə olunmur.

Məsələn, qonşu Türkiyə hər il 400 milyon dollarlıq dərman və aromatik bitki ixrac edir. Bu rəqəmə ölkə içində istifadə edilənlər daxil edildikdə sektorun dəyəri milyard dollara çatır.

Azərbaycanda isə bu cür bitkilər daha çox xammal şəklində ölkədən çıxarılır.

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva bildirib ki, ölkəmizdə bitən dərman bitkilərindən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır: “Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılıb və bu bitkilərdən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır. Lakin bu zaman bəzi bitkilərin azalma təhlükəsinə və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Ayrı-ayrı iş adamları tərəfindən müəyyən yollarla bitkilər toplanılır, ölkədən çıxarılır, sex və ya zavodlarda qida əlavəsi, bioloji əlavə kimi istehsal edilərək satılır. Bu, bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur. Bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınması üçün onların süni şəraitdə çoxaldılması vacibdir. Toplanılan dərman bitkilərinin sistemli şəkildə həyata keçirilməsi zəruri məsələlərdəndir. Əks təqdirdə, kor-koranə toplanmış dərman bitkilərinin satışı insanlara xeyirdən çox zərər verə bilər”.

Bəs, bu cür bitkilərin süni şəkildə çoxaldılması üçün nələr etmək olar?

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev TNS-ə açıqlamasında bildirib ki, dərman bitkiləri əsasən dağlıq ərazilərdə bitir: “Azərbaycan flora zənginliyinə görə unikal ölkələrdən biridir. Ərazimizdə yalnız Azərbaycan mühiti üçün xarakterik olan bitkilər, eləcə də dərman bitkiləri var. Dərman bitkilərinin mədəni şəkildə yetişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki təbii mühitdə həmin bitki yararlı olan mineralları tam çəkir. Tutaq ki, Kiçik Qafqaz dağları, Qarabağ, Naxçıvan zonasında təbii mühit normal, vulkanik ərazi olduğuna görə torpağın minerallıq dərəcəsi yüksəkdir. Quru suptropik ərazilərin bitkiləri minerallıq cəhətdən daha zəngin olurlar”.

Alim işğal probeminin dərman bitkiləri ilə zəngin olan Kiçik Qafqaz  ərazisində bu sahədə də ciddi problemlərə yol açdığını bildirib.

Onun fikrincə, dərman bitkilərini çoxaltmaq üçün öz mühitində yetişdirmək daha yaxşı olar: “Hər dərman bitkisini öz mühitində yetişdirmək daha yaxşı olar. Laçının, Kəlbəcərin torpağında yetişən bitkini Bakıda yetişdirmək həmin effekti verməz”.

Ənvər Əliyev onu da vurğulayıb ki, ölkəmizdə bitki florası sahəsində dərman bitkilərindən istifadə bir az zəifdir: “Vaxtilə sovet dövründə mövhumat adı ilə otlardan, bitkilərdən istifadəyə qadağa qoyulması bu sahəyə çox mənfi təsir göstərdi. Amma indi insanlar yavaş-yavaş istifadə edirlər. Bu sahədə yaxşı biznes imkanları da mövcuddur”.

Aygün