Close

ADY: "Sərnişin qatarında partlayış xəbəri yalandır"

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

TNS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunub.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.