Close

12:20
27 İyul 2024

Sosioloq: “Ölkədə boşanmaların əsas səbəbi...”

“Uzun müddət ailə problemləri ilə məşğul olan bir insan kimi deyirəm ki, bu gün ailələrin dağılmasında, ailədaxili müəyyən münaqişələrin yaranmasında iqtisadi amil problemlərdən sadəcə biridir, həlledici deyil”.

Bunu TNS-ə sosioloq, iqtisadçı-alim Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, ailələrdə yaranan problemlər hər ölkənin mühitində özünəməxsus olur: “Hazırda cəmiyyətdə mürəkkəb proseslər gedir. Ona görə də ailədə olan problemlərin öyrənilməsi, həll edilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Yeni mexanizm, texnologiya qurulmalıdır”.

Sosioloq deyib ki, bunun üçün ilk olaraq boşanan insanlar arasında ciddi sosioloji sorğu keçirilməlidir: “Ölkədə aparılan bu cür sorğuların 90 faizi keyfiyyətsizdir. Boşananların özləri, valideynləri arasında sorğu keçirmək vacibdir. Bundan sonra boşanma prosesini həyata keçirən məhkəmə rəsmiləri ilə fikir mübadiləsi aparılmalıdır. Yalnız bu məlumatları ortaya qoyduqdan sonra məlum olacaq ki, bugünkü reallıq hansı səbəblərdən yaranır. O zaman səbəblərin iqtisadi, sosial-psixoloji, mənəvi amillərlə bağlı olub-olmadığı orataya çıxacaq. Deputatın, sosioloqun, psixoloqun, jurnalistin və ya hansısa artistin fikir səsləndirməsi ilə əsl səsbəbləri tapmaq mümkün deyil”.

Sosioloqun fikrincə, bu sahədə ciddi işlərin aparılması üçün ayrıca bir fəaliyyət proqramı olmalıdır: “Problem ondadır ki, vacib olan bu işləri heç bir qurum etmək istəmir, etmir. Ömrümün 50 ilini bu sahəni, problemləri araşdırmağa həsr etmişəm. Onlarla elmi araşdırmalarım var. Bədahətən danışmıram”.

Aygün