Close

Qardaş-bacılarını özlərinə düşmən bilən uşaqlar - Valideynlər bunu etməsə…

Ailədə uşaqlar arasında yaranan qısqanclıq bəzən xoşagəlməz nəticələrə səbəb ola bilir. Valideynlərin sağlam yanaşması olmadığı təqdirdə uşaqlar arasında yaranan gərginlik onların psixologiyasına mənfi təsir göstərir.  

Çin və ABŞ-da aparılan bir araşdırmaya görə ailədə tək və ya iki uşaq olanların ruhi sağlamlığı çoxuşaqlı ailələrdə olduğundan daha yaxşı olur.

Eləcə də, uşaqlar arasında yaş fərqi az olduqda, ögey bacı-qardaşı olanların olmayanlara görə daha çox ruhi problem yaşadığı ortaya çıxıb.

Araşdırma aparan elm adamları belə bir fikir ortaya qoyur: “Valideyn resurslarını tort kimi götürsək, bir uşaq bütün tortu (diqqət və resurslar) alır. Lakin uşaqların sayı çox olduqda, hər bir uşaq daha az resurs və diqqət alır ki, bu da uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər”.

Gəlinən nəticə nə qədər özünü doğruldur? Bu amillər uşaqların ruhi sağlamlığına hansı səbəblərdən mənfi təsir göstərə bilər?

Ümumiyyətlə, uşaqlar arasında yaranan problemləri həll etmək üçün valideynlər hansı yolu izləməlidir?

TNS mövzunu Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova ilə müzakirə edib.

narinc

Uşaqlar daim nəyinsə üstündə dava edir...

Psixoloq bildirib ki, valideynlərin şikayətləndiyi mövzulardan biri də ailədə bacı-qardaşın düzgün münasibət qura bilməməsi, davamlı problem yaşaması, hansısa oyuncaq, geyim üstündə dava etmələri, qısqanclıq və digərləridir: “Xüsusilə, bu problemlər yeniyetməliyə keçid dövründə və yeniyetməlikdə daha çox müşahidə olunur. Bu vəziyyət uşaqların psixi sağlamlığına hansı səbəblərdən təsir göstərə bilir və ya valideynlər hansı yolu izləməlidir? Bu tipli müraciətlərə cavab olaraq bildirmək lazımdır ki, burada vacib faktlardan biri uşaqlar arasındakı yaş fərqidir. Belə ki, 3-6 yaş eqosentrik dönəm kimi götürülür. Bu zaman uşaqlarda mərkəzçilik olur, ətraflarında baş verən hər şeyin mərkəzində özlərini görürlər, xüsusi diqqət və qayğı istəyirlər. Belə bir vəziyyətdə ailədə növbəti övladın dünyaya gəlməsi onlara qarşı diqqətin əvvəlki kimi olmaması ilə nəticələnir. Belə ki, valideynlər yeni doğulan körpəyə daha çox zaman ayırır. Bu da digər övladın psixologiyasına müəyyən dərəcədə təsir edir və onun yeni doğulan bacı və ya qardaşını qısqanmasına səbəb olur. Qeyd etdiyimiz yaş dönəmində bu proseslərin olması normal bir hal kimi qəbul edilir”.

Valideynlər hansı əlamətlərə qarşı diqqətli olmalıdır?

Müsahibimiz vurğulayıb ki, 3-6 yaş arası uşaqlar ikinci qardaşı, bacını və onlara göstərilən diqqəti, sevgini həzm edə bilmir. Beləcə, ailədə valideyn-uşaq münasibətlərində problemlər yaranmağa başlayır: “Yaşları arasında 1-2 il fərq olan uşaqlar və ya aralarında yaş fərqi 3-6 yaşı keçən uşaqlar bir-biri ilə dost münasibətində qala bilir, elə də ciddi problem yaşamırlar. Qısqanclığı büruzə verməkdə uşaqları iki qrupa bölə bilərik: bəzi uşaqlar bunu açıq şəkildə göstərir və özündən sonrakı bacı-qardaşını qısqandığını valideynlərinə bildirirlər. Digər qrup uşaqlar isə hisslərini ifadə etməkdə çətinlik çəkir və qısqanclığını aşkar şəkildə bildirə bilmir. Uşaqlar adətən, belə hallarda xırda şeyləri də problem etməyə, kövrək olmağa başlayır ki, bu da valideynlər üçün siqnal olmalıdır. Ən təhlükəli qısqanclıq tipləri şiddət şəklində özünü büruzə verəndir. Belə ki, bu tip uşaqlar özündən kiçik bacı və ya qardaşını itələyir, vurur, aqressiv davranışlar nümayiş etdirirlər. Digər qısqanclıq tipləri isə sözlərlə və infantil davranışlarla ifadə olunur. Bəzi uşaqlarda isə bu xüsusiyyətlərin hər üçü də müşahidə edilir. Bu zaman valideyn obrazı daha qabarıq görünməlidir, yəni onlar elə şərait yaratmalıdır ki, digər övladı yeni doğulan körpəni özünə rəqib kimi yox, dost kimi görsün”.

Narınc Rüstəmova deyib ki, bu cür davranış pozuntularının yaranmaması üçün problemlər vaxtında aşkarlanmalı və korreksiya edilməlidir. Ehtiyac yaranarsa, psixoloq dəstəyi alınmalı və ailə terapiyası keçilməlidir.

Aygün