Close

Bakıda ekoloji vəziyyət necədir? - Daxili miqrasiya problemi ciddi fəsadlar yaradır

“Bakının ekoloji vəziyətinə təsir edən amillər çoxdur. Bunlardan biri ölkədə urbanizasiya siyasəti və daxili miqrasiyanın düzgün müəyyənləşdirilməməsidir”.

Bunu TNS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

eko5

Onun sözlərinə görə, ölkə əhalisinin böyük qisminin Bakıda cəmlənməsi həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olmaqdadır.

“Nə qədər ki, bəzi nazirlik və komitələr, təhsil müəssisələri Bakı şəhərindən, Abşeron yarımadasından çıxarılmayıb, problemləri həll etmək imkansızdır. Bir səhra şəhəri sayılan Bakının su təchizatı özlüyündə ekoloji və iqtisadi böhran sayıla bilər. Bakı liman və sənaye şəhəri kimi qalsa, əhalisi 1 milyonu aşmasa, bu gün gördüyümüz və görmədiyimiz problemlər də olmaz. Bütövlükdə ölkədə ciddi ekoproblem mövcuddur. Bölgələrin əsas problemləri su qıtlığı və sürüşmədir”, - Qorxmaz İbrahimli deyib.  

Ekspert qeyd edib ki, Bakı şəhərində əhali sayının çox olması suya tələbatı da artırır. Ona görə də hökumət bahalı su layihələri gerçəkləşdirmək məcburiyyətində qalır: “Su problemimiz əsasən transsərhəd çaylardan asılılıqla əlaqədardır. Çünki ölkəmizin təqribən 30 kub.km su ehtiyacının 20 kub.km-dən çoxu transsərhəd çayları hesabına təmin olunur. O çayların keçdiyi ölkələrin su ehtiyacının artması səbəbindən bizim su problemimiz də dərinləşməkdədir. Lakin özümüz sudan düzgün, qənaətlə, bilincli şəkildə istifadə etsək, bu sıxıntını xeyli azaltmış olarıq. Təəssüf ki, hələ də o səviyyədə maariflənməyə nail olmamışıq”. 

O bildirib ki, Azərbaycan istər qonşu ölkələr, istərsə də qlobal miqyasda ekoloji problemlərin həllində birgə layihələrin həyata keçirilməsinin tərəfdarıdır: “Türkiyə, İran, Gürcüstan və Rusiya ilə bu yöndə müxtəlif layihələr gerçəkləşdirilməkdədir. Əsas problemli qonşumuz təbii ki, Ermənistandır. Bu ölkə heç bir qonşuluq qaydalarına və beynəlxalq qanunlara əməl etmir. Ümid edək ki, yaxın illərdə Ermənistan Azərbaycanın ardıcıl və prinsipial addımları sayəsində doğru yola gəlməyə məcbur olacaq. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, ekoloji problemlər də həllini tapmağa başlayar".

Ekoloji məsələlər üzrə ekspert Rövşən Abbasov isə hesab edir ki, əslində digər problemlər ekoloji problemlərdən qaynaqlanır:

eko6

“Havanın, torpağın və təbiətin çirklənməsi insanların həyatına çox ciddi təsir edir. Havanın çirklənməsi daha çox böyük şəhərlərdə baş verir. Bakı şəhərində də əsas ekoloji problemlərin səbəbi avtomobillərin çoxluğu, tikinti və sənaye müəssisələridir”.

Ekspert deyib ki, hazırda ekoloji problemlərin həlli istiqamətində bir çox iş görülür.

“Misal üçün, elektrikli avtomobillərin ölkəmizə gətirilməsi ilə bağlı gömrük rüsumlarının aradan qaldırılması müsbət haldır. Bununla çirklənməyə səbəb olan avtomobil problemi həllini tapmış olacaq.

Azərbaycan su stressi yaşayan ölkədir. Nəzərə alınmalıdır ki, ölkəmizin 70 faiz su ehtiyacı xaricdən gələn çayların hesabına qarşılanır. Ona görə də sudan maksimum şəkildə qənaətlə istifadə mütləqdir. Son hesablamalara görə Azərbaycanın su ehtiyatları 15 - 20 faiz azalıb”, - o bildirib.

Ekspert əlavə edib ki, Azərbaycan bir çox beynəlxalq konvensiyaya üzvdür: “Transsərhəd su axarları və çayları ilə bağlı olan konvensiyanın şərtlərinə görə, hər bir ölkə öz axar sularına nəzarət etməlidir. Təəssüf ki, transsərhəd çayların aid olduğu ölkələrin çoxu məsuliyyətli davranmır, o cümlədən də Ermənistan”.

Bünyamin Bünyadzadə