Close

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirib - FOTO

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Masallıda “Yeniyetmə və gənclər arasında Vətən müharibəsinin təbliği - vətənpərvərlik hislərinin gücləndirilməsidi” layihəsi üzrə tədbir keçirib.

TNS xəbər verir ki, mərasimə icmaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yerli media nümayəndələri qatılıb.

Mərasimi açan layihə üzrə təlimçi Əntiqə Qurbanova bildirib ki, layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik hislərinin gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə marağın artırılmasıdır: “2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük savaş bir daha göstərdi ki, millətimizin vətənpərvərlik hisləri çox yüksəkdir. Məhz buna görə də işğal altında olan torpaqları görməyən, hətta işğaldan sonra doğulan gənclər Ali Baş Komandanın vur əmrindən sonra kütləvi şəkildə ordu sıralarına üz tutdular. Arxa cəbhədə də çox möhtəşəm hekayələrin şahidi olduq. İş adamlarından tələbələrə, təqaüdçülərdən məmurlara qədər orduya miqyassız yardım toplandı. Maddi dəstəyə imkanı çatmayanlar yardımların toplanması, paylanması, ehtiyacların öyrənilməsi üçün gecə-gündüz çalışdılar. Millətimizin bu əzmi ilə biz 44 gündə işğalın ağır yükünü çiynimizdən atdıq. İndi isə biz bu qələbəni qazananlara sahib çıxmalı, onların toplumdakı yerini daha da yüksəltməliyik ki, vətənpərvərlik əzmi hər zaman yüksək olsun”.

Təlimçilərdən Nabat Qəniyeva savaşdan sonra şəhid və qazi ailələrinin dəstəklənməsi ilə bağlı bir sıra problemlər yarandığını, bu məsələlərin müzakirələrlə aradan qaldırılmasında vətəndaş cəmiyyətinin üzərinə məsuliyyət düşdüyünü bildirib:“Savaş özlüyündə bütün cəmiyyətlər üçün son dərəcə ağır bir prosesdir. Biz 30 il sabitlik şəraitində yaşadığımız üçün bu problemlər çox ağır bir şəkildə ortaya çıxdı və bəzən onların həlli çox ciddi gərginlik yaratdı. Xüsusən də əlilliyin müəyyən edilməsi məsələsində qaziləri narazı salan məqamlar ortaya çıxdı, intiharlar baş verdi. Hökumət qurumlarının iş prinsiplərində olan boşluqlar savaşdan sonra ağır psixoloji sarsıntı keçirən şəhid və qazi ailələri ilə münasibətlərdə bir sıra arzuolunmaz məqamları ortaya çıxardı. Bu problemlərin bir hissəsi həll edilsə də təəssüf ki, hələ tam ortadan qalxmayıb və görünən odur ki, bu məsələlərin həll edilməsi, konkret təkliflərin verilməsi, şəhid və qazi ailələrinə layiq olduqları diqqətin göstərilməsi üçün kompleks tədbirlərə ehtiyac var”.

Daha sonra şəhid və qazi ailələrinin təmsilçiləri çıxış ediblər. Onların fikrincə, qarşılaşdıqları problemlərin çözülməməsi cəmiyyətdə ümumi vətənpərvərlik ruhunun güclənməsinə ən ciddi əngəldir. 44 günlük savaşda torpaqların işğaldan azad edilməsinə qatılan könüllülər bildiriblər ki, vətəndaş cəmiyyəti institutları bir sıra məqamlarda dövlət qurumları ilə onlar arasında çox ciddi vasitəçi rolu oynaya bilirlər. Bu, həm hüquq yardımı, həm sosial yardım, həm təbliğat yardımı ola bilər.

Ortaq müzakirələr zamanı bildirilib ki, qazilərə, şəhid ailələrinə fərdi yanaşılması son dərəcə vacibdir. Çünki ümumi adları qazi olsa da aldıqları fiziki, psixoloji zədələr, eyni zamanda ehtiyac duyduqları dəstək fərqlidir.

006d02e3-7224-4fa1-b605-0bff313835f9

17589100-dbaf-4517-811a-4c5332697810

67506e9b-8bc4-405f-9eee-b6943a8cd1d9

ec278ea1-0baf-41b4-938a-eed2f8eafc47

f900c7e0-8ed0-4df6-9085-3e309f6291b6