MİDA-nın mənzil satışı fiaskosu - Lotereya və ya püşkatma üsulu daha ədalətli seçim ola bilər?
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bu yaxınlarda keçirdiyi növbəti sosial mənzil satışları zamanı yenə də ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib. MİDA mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edildiyini bildirsə də, nəticədə əvvəlki problemlər təkrar yaşandı.
Artıq neçənci dəfədir ki, MİDA tərəfindən satışa çıxarılan mənzillərin seçimi zamanı sistem tamamilə çökür. Məlum olur ki, saniyələr içərisində evlər satılıb, qurtarıb. Nəticədə ehtiyacı olan insanlar mənzil ala bilmədilər.
Sosial evlərin başqa formada satışını təşkil etmək mümkündürmü? MİDA-dan mənzil ala bilməyən vətəndaşların narazılıqlarının araşdırılıb, ortadan qaldırılması üçün tədbirlər görülürmü? Sistemdə yaranan problemin həllini hansı dövlət qurumu aradan qaldırmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov TNS-ə bildirib ki, MİDA tərəfindən mənzillərin satışa çıxarılmasının təşkili müasir tələblərə uyğun olsa da, burada hər şey internetdən asılıdır. Vətəndaşların əsas narazılığı internetlə bağlıdır: “Burada müxtəlif nüanslar var. Misal üçün ola bilər ki, vətəndaşların texniki avadanlıqları lazımı səviyyədə olmasın və ya həmin məqamda internetə qoşulmada müvəqqəti ləngimələr yaransın".
Ekspert həmin mənzillərin lotereya ilə satışının təşkilini təklif edir: “Ya da bu məsələnin daha obyektiv həlli yollarından biri püşkatma üsuludur. Yalnız bu üsullarla şəffaf qaydada vaxt itirmədən müsbət nəticələr əldə etmək olar. Hesab edirəm ki, ən uyğun alternativ və optimal versiya bunlardır".

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünasın fikrincə isə MİDA prosesin ədalətli və şəffaf olması üçün bacardığını edib: “Amma bir şeyi nəzərdən qaçırdı. Seçim edən istifadəçilər evlərin siyahına çatanda klik etdikləri evlər “dondu”. Burada əslində klik edən anda sorğunun emal prosesi “backend”də başlamış oldu. Sadəcə “frontend”də bunu istifadəçiyə göstərə bilmədilər. Buna görə də istifadəçi dəfələrlə başqa evlərə klik etdi və ya səhifəni yeniləndi”.
Mütəxəssis vurğulayıb ki, sistemdə donma mənzil qazanan istifadəçilərdə də yaşanıb: “Amma məsələ odur ki, istənilən halda seçim uğursuzdursa, bunu dərhal ekranda istifadəçiyə göstərmək lazımdır. Əks halda, seçimin şəffaf olduğunu sübuta yetirmək çətindir. Faktiki olaraq, MİDA artıq neçənci dəfədir ki, bu işin texniki tərəfini qaldıra bilmir. Burada maksiumum 20 min istifadəçidən söhbət gedir ki, rəqəm elə də böyük deyil. Amma hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA ümumiyyətlə, bu işin daşını atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb. Bu proses ümumiyyətlə ləğv edilməli, lotoreya üsuluna keçid edilməlidir. Mən ötən il çətinliklə də olsa, qalib olmuşam, amma IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar ümumiyyətlə, nəyəsə ümid etməsinlər".

İKT üzrə ekspert, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov TNS-ə bildirib ki, MİDA satış prosesində yenə də bəzi texniki məqamları tam olaraq nəzərə almayıb: “Amma sevindirici haldır ki, əvvəlki təcrübələrindən dərs çıxarıb. Son satışda başqa qurumlardan gələn servislərlə bağlı problem çıxmadı. Elektron imza və kibertəhlükəsizlik problemləri müşahidə edilmədi. Əsasən, portalın, tətbiqin özünün problemləri ortaya çıxdı. Ola bilsin ki, həmin portal yaradılarkən Yasamal, Hövsan və Gəncədə olan yaşayış komplekslərinə bərabər bölgüdə insanın daxil olması nəzərdə tutulub. Daha çox ağırlıq Yeni Yasamal rayonundakı yaşayış kompleksi ilə bağlı oldu. İnsanlar daha çox bu yaşayış kompleksindən mənzil əldə etmək üçün seçim prosesində donmalar və digər texniki çətinliklərlə üzləşdilər. Müxtəlif mərhələlərdə xətalar müşahidə olundu. Bəzi insanlar mənzilləri seçərkən problemlər yaşadılar, bəziləri isə tamam başqa problemlərlə qarşılaşdılar. Bu isə tamamilə sistemin xətası idi".
Elvin Abbasovun fikrincə, yaxşı olar ki, MİDA satışa çıxardığı mənzilləri insan sayına uyğun müəyyənləşdirsin.
“Misal üçün vətəndaşlara müraciət oluna bilərdi ki, Gəncə, Hövsan və Yeni Yasamal yaşayış komplekslərinin limiti var. Həmin sistem zamanında limiti doldura bilərdi. Yenə də misal üçün, on min nəfərin müraciəti varsa, bu yarış on min nəfərin arasında gedə bilərdi. Burada vaxt da nəzərə alınmalı idi. Amma təəssüf ki, burada belə bir versiya yox idi. Bu barədə MİDA tərəfindən də heç bir məlumat yoxdur. Düşünürük ki, məhz Yeni Yasamalda yüklənmə çox olduğu üçün problemlər yarandı. Lakin Hövsan və Gəncədə bu qədər problemlər olmadı”, - mütəxəssis qeyd edib.
O hesab edir ki, digər ölkələrdə də analoji təcrübələr nəzərə alınmalıdır: “Lotoreya və ya notarial qaydanı tətbiq etmək olar. MİDA bu prosesdə insanların inamını itirib".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya texnologiyaları üzrə nümayəndəsi Murad Əhmədov TNS-ə bildirib ki, problem nazirliklə əlaqəli deyil.
“Məlumdur ki, hazırda bütün ölkə boyu əsasən internetə cavabdeh olan provayderlərdir. Provayderlər isə bir qayda olaraq özəl qurumlardır. Buna görə də internetlə və ya bu istiqamətdə digər problemlərin həlli ilə bağlı müvafiq provayderə müraciət etmək olar. Amma qeyd edə bilərəm ki, respublikamızda internetin sürəti və təhlükəsizlik məsələsi ilə bağlı problemlər yoxdur. Təbii ki, müəyyən vaxtlarda bəzi istisnaları nəzərə almaql,a bunu qeyd etmək olar”, - deyə o əlavə edib.
MİDA-nın sözçüsü Diana Dadaşova TNS-in sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı yaxın zamanlarda rəhbərlikdən hər hansı açıqlama olsa, ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, MİDA-nın satışdan əvvəl yaydığı məlumatda Agentliyin müəyyənləşdirdiyi qaydalara əsasən, satış müddətində seçilmiş bir mənzilin həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə biləcəyi bildirilirdi. Qeyd olunurdu ki, hər hansı səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif edilir. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.
Bünyamin Bünyadzadə