Close

00:03
26 Aprel 2024

Bakı Metropoliteni uşaqlar üçün bayram şənliyi keçirib

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əyləncəli şou-proqram təşkil edilib.

TNS xəbər verir ki, stansiyada məşhur uşaq mahnılarından ibarət musiqi çələnginin sədaları sərnişinlərə xoş ovqat bəxş edib.

İki hissədən ibarət proqramın əvvəlində Əməkdar artist, şoumen və naşir Bəhram Bağırzadə növbəti kitablarını şəxsən imzalayaraq, azyaşlı oxucularına hədiyyə edib. Onun şən zarafatları ilə keçən mərasimdə uşaqlar və böyüklər unudulmaz anlar yaşayıb, xatirə şəkilləri çəkdiriblər.

Tədbirin ikinci hissəsində müxtəlif uşaq tamaşalarının personajları, xüsusi velotəkərlərdə hərəkət edən jonqlyorun oyunları balacaların diqqətini çəkib.

Əsas proqramda uşaqların çox sevdiyi illüziya şousu nümayiş olunub. Bu proqramın da qəhrəmanları və iştirakçıları elə kiçik tamaşaçıların özləri olublar. Onların iştirakı ilə göstərilən sehrbazlıq nümunələri şən səhnəciklər kimi uşaqların xatirəsində qalıb.

Sirk ustalarının zarafatcıl oyunları ilə rəngarəng şarlardan düzəldilən fiqurlar və balaca sərnişinlərə hədiyyə edilən şarlar iki saat davam edən şounu daha da zənginləşdirib.