Close

16:10
12 Oktyabr 2024

Bakıda ilanların sayı artıb – Sürünənlər paytaxta karxanalardan, çimərliklərdən gətirilir

Bakıda şəhərin müxtəlif yerlərində ilanların görünməsi əhali arasında narahatlıq yaradıb. Hətta bəzi yerlərdə bir neçə ilanın bir yerdə görünməsindən sonra sakinlər ilanların şəhərdə yaşadığını düşünür.

Hansı səbəbdən şəhərdə ilanlar çox görünməyə başlayıb? 

TNS-in sualını Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov cavablandırıb.

O bildirib ki, şəhər mühiti, yəni park landşaftı olan yerlər ilanların yaşayışı üçün əlverişsizdir: “İnsanların sıx məskunlaşdığı, təbii ərazi olmayan yerlərdə ilanlar yaşamır. İlanların yaşaması üçün kol-kos, insan fəaliyyəti olmayan, səssiz mühit lazımdır. Bundan başqa, bütün mövsümlərdə ilanların gizlənməsi üçün təbii sığınacaqlar olmalıdır. Bakıda ilanların gizlənməsi, yayın isti vaxtlarında sərinləməsi üçün mühit yoxdur. İlanların qidalanması üçün siçan, quşlar, kərtənkələ, başqa ilanlar, qurbağa və s. olmalıdır ki, bunlar da yoxdur”.

Mütəxəssis ilanların şəhərə hansı yolla daxil ola biləcəyini də açıqlayıb: “Şəhərin kənarında olan qum və daş karxanalarından tikinti materialları daşınıb gətirilir. Onların içində ilanlar şəhərə gələ bilər. Bundan başqa, çimərliyə gedən insanların öz avtomobilləri ilə ilanları şəhərə gətirməsi mümkündür. Çimərlikdə avtomobili kənarda saxlayırlar. Daşlı-qayalı yerlərdə ilanlar avtomobilin bir yerinə dolaşıb şəhərə gələ bilər. Belə hallar çox olub. Yəni, düşünülməsin ki, ilanlar şəhərdə insanlarla birlikdə yaşayır. Göründüyü kimi, təsadüfən kənardan gəlir”.

Aygün