Close

21:20
20 Fevral 2025

Onlara evlərinin açarları verildi - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

TNS xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

12:53

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

TNS xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 37 ailə olmaqla 212 nəfərə qucaq açıb.

Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

09:07

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

TNS xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb.

Budəfəki karvanda Biləsuvar rayonundan – 14 ailə (75 nəfər), Bakı şəhərindən – 13 ailə (78 nəfər), Abşeron rayonundan – 6 ailə (36 nəfər), Sumqayıt şəhərindən – 4 ailə (23 nəfər) doğma yurduna qayıdır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.