Close

16:30
15 Yanvar 2025

Cəbrayıl sakinlərinə mənzillərin açarları təqdim edildi - YENİLƏNİB

Yanvarın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

TNS xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 165 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

13:56

Növbəti köç karvanı işğaldan azad olunan Cəbrayıl şəhərinə çatıb.

TNS xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Bununla da ümumilikdə Cəbrayıl şəhərinə cəmi 326 ailə (1334 nəfər) köçürülməsi təmin olunub.

08:53

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

TNS xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

1736740094_1736738005133746097_1200x630

1736740099_17367380052047358352_1200x630