Close

19:40
30 Mart 2025

Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub - YENİLƏNİB/FOTO

Laçın şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

TNS xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-ninəməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər iştirak ediblər. Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirildirilib.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Zəfər Gününü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik: “Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən qürurla yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı diləyirik”.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.

Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, Zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər: “Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən doğma torpaqlarında əzmlə addımlayır, öz gələcəyinə qətiyyətlə irəliləyirlər. Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Yaşasın Ali Baş Komandan, yaşasın qalib ordumuz!”.

44 günlük İkinci Qarabağ müharibəsinin qazisi, şəhid Ədalət Məmmədov adına Zabux kənd orta məktəbinin hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində az da olsa, payının olmasından sevincini dilə gətirib.

Döyüş yolundan danışan qazi 2020-ci ilin oktyabrında Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığını, bir müddət komada qaldığını deyib: “Ali Baş Komandan İlham Əliyev minlərlə qəhrəman hərbçimiz kimi, məni də orden və medallarla təltif etdi. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Çalışdığım Zabux kəndində evlə təmin olunmuşam. Göstərilən diqqət və qayğıya görə, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.

Milli Qəhrəman Oqtay Gülalıyevin həyat yoldaşı Afət Novruzova çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Müharibə veteranı Elçin Abbaszadə isə çıxışında deyib ki, bu gün hamımız üçün müqəddəs olan tarixi günü - Zəfər Gününü qeyd edirik: “Bu Zəfər bizə təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz qəhrəman əsgərlərinə, zabitlərinə dərin ehtiramını ifadə edir”.

Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “LaCinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.

12:15

Laçın şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub.

TNS xəbər verir ki, Laçın şəhərində şanlı tariximiz - Zəfər Günü münasibətilə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayiəti altında əsgərlərin yürüşü keçirilib.

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin, müharibə iştirakçılarının ailə üzvlərinin və Laçın sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən, qəhrəman hərbçilərimizin şücaətindən bəhs olunub.

Daha sonra “LaCinema” kinoteatrında konsert proqramı təşkil edilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.

Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.

Dörd ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir.

w_1617310525884959040936_1200x630 w_1617310525881424248950_1200x630 w_1617310525883074031350_1200x630 w_161731052588854632479_1200x630 w_161731052588156376436_1200x630 w_1617310525886549041955_1200x630 w_161731052588222541242_1200x630 w_1617310525886283036487_1200x630 w_1617310525881729736490_1200x630